Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı dekabrın 11-də Ankaranın Yenimahalle səmtində yerləşən möhtəşəm Heydər Əliyev parkında xatirə tədbiri təşkil edilib.
Bu barədə Teleqraf.com-a səfirlikdən bildirilib.
Məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, Türkiyənin hökumət və parlament üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, Ankarada təhsil alan kursant, müdavim və universitet tələbələrimiz, Heydər Əliyev məktəbinin şagirdləri, tanınmış elm və mədəniyyət xadimləri, diaspor nümayəndələrimiz və KİV nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları tərəfindən Ulu Öndərimizin abidəsi önünə əklillər qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iki ölkənin himnlərinin oxunması ilə başlayıb.
Səfir Faiq Bağırov, Türkiyənin baş nazirinin müavini Tuğrul Türkəş, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvar, Ədalət və İnkişaf Partiyası İğdır millət vəkili Nurettin Aras, Yenimahalle rayonunun bələdiyyə sədri Fethi Yaşar, tələbə və kursantlarımız çıxışlarında Ulu Öndərin ölkəmizə və iki qardaş ölkənin münasibətlərinə göstərdiyi əvəzsiz xidmətlərdən geniş şəkildə söz açıblar.
Mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramanın xatirə tədbirinə ünvanladığı mesaj oxunub.
Çıxışlar zamanı Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin həyatında, xalqın taleyində oynadığı əzəmətli rolun Azərbaycan xalqının yaddaşından silinməyəcəyini, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verdiyini, vətən və xalq qarşısındaki ən böyük xidmətinin müstəqil Azərbaycanın qurulması olduğunu və Azərbaycançılıq ideologiyasının yaradıcısı kimi ən böyük amalının güclü Azərbaycan dövlətini qurmaq və yaşatmaq olduğu qeyd edilib.
Daha sonra tədbir iştirakçıları Ulu Öndərin mənalı ömür yolu və zəngin siyasi fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Səfirliyimizin keçirdiyi xatirə tədbiri Türkiyənin “TRT AVAZ”, “TRT HABER” və “Anadolu” agentliyi tərəfindən işıqlandırılıb.