İtkin düşənlərin axtarışı davam edir
“Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə 4 dekabr 2015-ci il tarixində baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.
Teleqraf.com-un məlumatına görə, dekabrın 10-dan etibarən özüldə yanğınsöndürmə əməliyyatını həyata keçirən nazirliyin “Vixr-5” və “Vixr-8” gəmilərindən hər gün tərkibinə təcrübəli yanğınsöndürənlərin daxil olduğu 2 manqa xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə özülə desant edilir. Özülə desant edilən qruplar yanan quyular ətrafında SOCAR tərəfindən qəza-bərpa işlərini aparan işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini təmin etməklə yanaşı, eyni zamanda, yanğının söndürülməsi işlərini həyata keçirirlər.
Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində dekabrın 15-də neft quyularının birində yanğını söndürmək mümkün olub.
Yanğınsöndürmə əməliyyatının fasiləsiz və yüksək peşəkarlıqla həyata keçirilməsini təmin etmək məqsədilə dekabr 15-dən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin təcrübəli yanğınsöndürənlərindən təşkil edilmiş 11 nəfərdən ibarət qrup 10-cu özülə desant edilmişdir. Bu gün saat 13:00 radələrində ikinci neft quyusunda da yanğın söndürülüb.
Qeyd edək ki, FHN “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş yanğının söndürülməsi və itkin düşənlərin axtarışını davam etdirir. Nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Sanmar” və “Svetlomor-2” gəmisi mümkün neft dağılmaları ilə əlaqədar ərazidə monitorinq işləri aparır. Nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarış işlərini həyata keçirir.
Onu da əlavə edək ki, itkin düşənlərin axtarış işlərində Fövqəladə Hallar Nazirliyinə “Azərkosmos” ASC-dən və Dövlət Dəniz Administrasiyası vasitəsilə Avropa İtifaqının Axtarış-xilasetmə Mərkəzindən təqdim olunan yüksək ayırdetmə imkanlı peyk fotoşəkillərdən də istifadə olunur.
Naibə QURBANOVA