11 Fevral 2016 11:04
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Azərbaycanla qarşılıqlı münasibətlərində əsas məsələ stabillik, münasibətlərin dostluq xarakteri daşıması və hər iki ölkənin uğur qazanmasında maraqlı olmaqdır”.

Bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiya müstəqil dövlət kimi Azərbaycanın imkanlarını bilir və bu ölkə ilə strateji partnyordur: “Rusiya və Azərbaycan arasında münasibətlərin xüsusi dəyəri var və hansısa xoşagəlməz sürprizlər bu münasibətləri poza bilməz. Bu, hazırkı mürəkkəb beynəlxalq şəraitdə çox vacibdir. Azərbaycanın müstəqilliyi illərində biz bir-birimizi anlamağı öyrəndik.

Diplomat qeyd edib ki, ölkələrimiz arasında çox yaxşı mal dövriyyəsi var: “Eyni zamanda, əsas qarşılıqlı fəaliyyət heç də neft sektorunda baş vermir. Azərbaycan Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində aparıcı tərəfdaşlarından biridir. Birgə unikal, presedentsiz humanitar proqramları xüsusi olaraq qeyd etmək istəyirəm. Onların əsasında Azərbaycanda rus dilinə çox yaxşı münasibət durur”, - deyə səfir əlavə edib.

Azərbaycan və Rusiya arasında humanitar, iqtisadi və digər sektorlar üzrə əlaqələrə toxunan V.Doroxin diqqətə çatdırıb ki, Türkiyəyə getməkdən imtina edən rusiyalı turistlər Azərbaycanı seçə bilərlər: “Əvvəllər 4 milyona qədər rusiyalı turist Türkiyədə istirahət edirdi. İndi onlar Azərbaycanı məmnuniyyətlə seçə bilərlər. Çünki bu ölkənin turizm potensialı var və bu sahə prioritet istiqamət elan edilib və çox əhəmiyyət verilir. Rusiyalı turistlər Azərbaycanı seçərsə, buna ancaq şad olaram. Ancaq bu gün Azərbaycan milyonlarla rusiyalı turisti qəbul edə bilməz ”.

O qeyd edib ki, Rusiyanın aparıcı neft-qaz şirkətləri Azərbaycanın müvafiq şirkətləri ilə uğurla əməkdaşlıq edirlər: “Hazırda Rusiya qazının Azərbaycana tədarükünün başlanılması imkanları müzakirə olunur. Məsələn, ”Lukoyl" Xəzərdə ən iri “Şahdəniz” qaz yatağının işlənməsi layihəsinin sərmayəçisidir. “Qazprom” Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-la sıx əməkdaşlıq edir. SOCAR şirkəti ilə Rusiyanın “Rosneft” neft-qaz şirkəti Avropada qeydiyyatda olan birgə şirkət yaradıblar. Azərbaycanda həmçinin ildə 1 mln ton neft hasil edən Rusiyanın “Russneft” neft şirkəti də çalışır".

V.Doroxin həmçinin iki ölkə arasında elektrik enerjisi sahəsində də sıx əməkdaşlığın qurulduğunu qeyd edib: “Azərbaycan və Dağıstan arasında elektrik enerjisinin mübadiləsinə dair razılaşma tam icra olunur. Biz hazırda bu aspektdə Rusiya, Azərbaycan və İran arasında ”üçbucağın" yaradılması üzərində çalışırıq. Bütün bunlar çoxlu sayda insanlar üçün yeni iş yerlərinin yaradılması deməkdir".

Səfir gərginləşən Rusiya-Türkiyə münasibətlərində Azərbaycanın vasitəçi olma imkanını da şərh edib: “Rəsmi Moskva Rusiya-Türkiyə münasibətləri fonunda Azərbaycanın həssaslığını çox gözəl anlayır. Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarov çox nəzakətlə Azərbaycan üçün eyni dərəcədə yaxın olan iki ölkə arasındakı münasibətlərin həllində mümkün olan hər şeyi etməyə hazır olduqlarını ifadə etdilər. Bu gün Azərbaycanın bu məsələnin həlli istiqamətində öz imkanlarından istifadə etməsinə ehtiyac duymuruq. Azərbaycan bu istəyimizi anlayışla qəbul edib. Bundan sonra nəyin baş verəcəyini zaman göstərəcək”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər