23 Fevral 2016 17:51
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) rəsmi qərarına və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) təklifinə əsasən, yük şəklində göndərilən və şarjı 30 faizdən artıq olan litium-ion batareyaları 2016-cı il aprelin 1-dən etibarən sərnişin təyyarələrinə buraxılmayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, artıq AZAL tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə litium-ion batareyalarının (UN 3480 saylı), həmçinin litium-metal batareyaların daşınmasına qadağa qoyulub. Qadağa AZAL-da keçirilən risk dəyərləndirməsinin nəticəsi olaraq ICAO-nun qərarından bir qədər əvvəl tətbiq olunub.

Həmçinin ICAO-nun qərarı mobil cihazların (diz üstü noutbuk, telefon, planşet və s.) tərkibində olan batareyalara (UN 3481 saylı) şamil edilmədiyinə görə bu qərar sərnişin baqajında mobil cihazların daşınmasına təsir etməyəcək.

Bildirilib ki, yüksək alışma təhlükəsinə görə son zamanlar populyar olan ikitəkərli özünü balanslaşdıran segvey və skuterlərin sərnişinlərin əl yükündə və qeydiyyatdan keçmiş baqajlarında daşınması da AZAL tərəfindən qadağan edilib.


Müəllif:

Oxşar xəbərlər