Rusiyanın Ulyanovsk vilayətinin Turizm Assosiasiyasının sədri Yuliya Uba Novruz personajlarından biri olan Bahar qızı obrazında İçərişəhərdə fotosessiya keçirib. Y.Uba Azərbaycan Turizm Assosiasiyasının (ATA) sədri Nahid Bağırovun dəvəti ilə Bakıdadır.
Fotolayihənin təşkilatçıları “Artishok” agentliyinin baş direktoru Fəxrəndə Həsənzadə və ATA-nın icraçı direktoru Aytən Əliyeva, əlaqələndiricisi Ülviyyə Əfəndiyeva (“Artishok”), fotoqrafı Elvin Mahmudovdur. Bahar qızı libası Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzində tikilib.
Yuliya Uba bildirib ki, ilk dəfədir Bakıdadır və bu həftə ərzində şəhərimizi və qonaqpərvər bakılıları ürəkdən sevib. Qonaq deyib: “Bakı qeyri-adi gözəlliyi və hərarəti, qədim və müasir memarlığının vəhdəti, ləzzətli milli mətbəxi və insanlarının mehribanlığı ilə məni məftun etdi. Şadam ki, məhz Novruz bayramına təsadüf edən bir vaxtda buradayam və bu bayramın necə qeyd olunduğunu əyani görürəm”.
Y.Uba onu da bildirib ki, Azərbaycan və Rusiya arasında turizm əlaqələrini inkişaf etdirmək məqsədi ilə aprelin 29-dan başlayaraq həftənin cümə günləri Bakı və Ulyanovsk arasında çarter aviareysləri həyata keçiriləcək.