23 Aprel 2016 20:37
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doç. Dr. Ramin SADIQOV, tarix elmləri doktoru, Türkiyə

Hər il 24 aprel yaxınlaşdıqca Türkiyə və Azərbaycanda olduğu kimi, Qərb ölkələrinin də mətbuat və mediasının əsas mövzusunu erməni “soyqırımı” iddiaları təşkil edir. Hansı dövlətlərin məclisində bu məsələnin müzakirə olunacağı, xüsusən Amerika prezidentinin o günlə bağlı çıxışında “soyqırımı” sözünü istifadə edib etməyəcəyi uzun uzun dartışılır, tarixçi alimlər, siyasətçilər mətbuat və medianın qonaqlarına çevrilirlər.

Ümumiyyətlə, tarix boyu şərq dünyasına ikili siyasət aparan və ən kiçik məsələlərdən ötrü bu dünyanın müxtəlif dövlətlərinin işinə qarışmağı özünün ən mühüm vəzifəsinə çevirən Qərb dövlətlərinin uydurulmuş bir “soyqırımı” məsələsi dolayısıyla xüsusən Türkiyəyə təzyiq etməsi son 20 ildən bəri ən çox diqqət çəkən məqamlardan biridir. Hər nə qədər Türkiyə tarixçiləri və siyasətçilərinin, əcdadlarına yönəlik belə bir ittihamı qəbul etməyəcəklərinə dair açıqlamalarına rəğmən hər il 24 aprelə doğru bir əndişəyə və həyəcana da qapıldıqlarını açıqca görmək mümkündür.

1071-ci ildə Səlcuq Türklərinin Anadoluya axınlarına çox sevinən, hətta onların gəlişini “Allahın bir lütfü” kimi görən, Osmanlı dövründə “millət-i sadiqa” yəni sədaqətli millət ünvanını alaraq əsrlər boyunca sakit və firavan həyat yaşayan ermənilər necə oldu ki, birdən birə türkə və Türkiyəyə düşmən oldular? Bu düşmənliyin başlanmasında Qərbin nə kimi rolu vardı?

Həqiqətən, iddia olunduğu kimi onlara “soyqırımı” olmuşdur mu?

Bu sualların cavabına keçmədən əvvəl Osmanlı dövlətində ermənilərin durumu haqqında qısaca da olsa məlumat vermək çox doğru olardı.

Osmanlı dövründə Ermənilər

Anadolu bəylikləri içində ən kiçiklərindən biri ikən qısa müddətdə inkişaf edib, dünyanın çox mühüm imperiyalarından birinə çevrilmiş və təqribən 600 il boyunca hakimiyyəti altında yaşayan bütün xalqlara qarşı ədalətli davranmış Osmanlı dövləti, digər xristian millətlər kimi ermənilərə də dil, din və mədəniyyət azadlığı gətirmişdi.

İlk Osmanlı soltanı Osman bəy, Bizansdan gördükləri təzyiqdən qurtulmaları üçün ermənilərin bir camaat kimi təşkilatlanmalarına və Kütahyada bir dini mərkəz açmalarına icazə vermişdi. 1326-cı ildə Bursa Osmanlıların paytaxtı olduqdan sonra isə Ermənilərin Kütahyada olan mərkəzləri yeni paytaxta köçürülmüşdü.

İstanbul 1453-cü ildə ələ keçirildikdən sonra isə Fateh soltan Məhməd 1461-ci ildə, Bursada yaşayan Erməni keşiş Ovakim ilə Anadoludan bir qism Ermənini İstanbula gətirtdi. Samatyadakı Sulumanastır adlı kilsə ermənilərə verildi və Ovakim, padşahın əmri ilə oraya patriarx təyin olundu. Beləliklə Osmanlı imperiyasındakı bütün ermənilər, Ovakimin əmrinə verilmiş oldu və onlar üçün İstanbulda erməni Patriarxiatlığı qurduruldu. Patriarxiatlıq, erməni millətinin şikayətlərini dinləmək, içtimai işlərini həll etmək və gəlirlərini toplamaq işlərini görürdü. Qurumun özünə aid məhkəmələri və həbsxanaları da vardı.

Osmanlı ölkəsində qəzet çıxarma işində ermənilər Türklərdən öndə olmuşdular. Belə ki, 1859-cu ildə İstanbulda ilk erməni qəzeti işıq üzü görmüşdü. 1910-cu ildə İstanbulda ermənicə beş qəzet və yeddi dərgi nəşr olunurdu.

Osmanlı dövründə ermənilər, kənd, qəsəbə və şəhərlərdə yaşayırdılar. Kəndlərdə yaşayanlar əkinçilik və heyvandarlıqla məşğul olurdular. Qəsəbə və şəhərlərdə yaşayanlar isə əsasən ticarət sahəsində fəaliyyət göstərirdilər. Qızıl ticarəti, zərgərlik, bank işləri, inşaat onların əsas iş sahələri idi.

Türk dilini yaxşı bilən ermənilərdən dövlət xidmətində və sarayada vəzifə icra edənlər vardı. 18-ci əsrin sonlarından etibarən dövlətin bir sıra mühüm işlərində çalışmağa başlayan ermənilər, 1856-cı ildə elan olunmuş İslahat Fərmanından sonra ədliyyə, bələdiyyə, poçt idarələrində, eyni zamanda daxili, xarici, təhsil, maliyyə və səhiyyə nazirliklərində işləyirdilər. Ronald Suny-nin qeyd etdiyi kimi ermənilər bir neçə əsr boyunca Osmanlıda məhdud bir muxtariyyət şəklində yaşayırdılar. “Onlar ticarət və sənaye sahəsindəki məharətləri ilə Osmanlının iqtisadi cəhətdən bir xeyli irəliləməsinə səbəb oldular. Kilisə yenə də mühüm idi onlara görə. Təhsil və içtimai işlərdə sürətlə inkişaf edirdilər” .

1839-cu ildə imperatorluqda padşah Əbdülməcid tərəfindən Tanzimat Fərmanı imzalanıb, elan edildi. Bu fərmanla, liberal hüquq sisteminə inteqrasiya üçün tətbiq ediləcək reformlara başlanıldı. Ən əsaslı reform, müsəlmanlarla qeyri müsəlmanlar arasındakı bərabərsizliyin ləğvi idi. Fərmanın icraatından sonra vilayət məclislərində müsəlmanlarla bərabər qeyri müsəlman nümayəndələr də vəzifə aldı.

Osmanlı höküməti aldığı bu qərarlarla dövlətin vəziyyətindən və gələcəyindən məsul bir Osmanlı milləti yaratmağı düşünürdü. Lakin fərmanın elanından sonra Avropa dövlətləri xristian əhalini bəhanə edərək Osmanlı dövlətinin iç işlərinə qarışmağa başladı. Beləliklə əcnəbilərin təhriki ilə imperatorluğun xristian əhalisi dövlətin başını ağrıdan fəaliyyətlərlə məşğul oldular.

Tənzimat dövrü yeniliklərindən ən çox ermənilər faydalandı. Erməni camaatı arasında təhsil səfərbərliyi başladı, eyni zamanda mətbuat fəaliyyətləri genişləndi. Erməni Qriqoryan camaatının dini rəhbəri olan patriarxın məşvərət məclisi yenidən nizamlandı. 1863-cü ildə Osmanlı hökümətinin verdiyi yeni bir fərman erməni camaatı üçün bir konstitusiya xarakterində idi. “Nizamnamə-i Millət-i Erməniyan” adlı bu fərmandan sonra onlar öz camaatları arasındakı məsələləri müzakirə etmələri üçün məclis qura bildilər.

19 mart 1877-ci ildə açılan ilk Osmanlı məclisinin 3/1-i imperiyanın qeyri müsəlman əhalisindən ibarət idi. Əslində bu 19-cu əsr üçün bir inqilab deməkdi. Çünkü heç bir ölkədə hakim dinin xaricindəkilərə bu qədər yüksək bir təmsil haqqı verilməmişdi. Hətta sonrakı Rus Dumasında belə bir neçə müsəlman vəkil olsa da Yəhudi vəkil heç yoxdu. Halbuki Osmanlı məclisində Yahudilərdən 4, ümumən Xristianlardan 44, bunlar içində isə ermənilərdən 9 vəkil təmsil olunurdu.

Erməni məsələsi

Göründüyü kimi, ermənilər Osmanlı dövründə çox firavan həyat yaşayırdılar. Lakin Ruslar Qafqazla maraqlanmağa başladıqları və xüsusən də 1828-1829-cu il Osmanlı Rus hərbindən sonra Erməni kilisəsi tamamən Rus təsiri altına düşməyə başlamışdır. Qriqoryan ermənilərinin bağlı olduqları dini mərkəz Eçmiədzin kilisəsi, 1826-1828 Rus-İran müharibəsində 60 min nəfərlik bir ordu ilə Rus ordusuna kömək etmişdir. Rusların Osmanlıda yaşayan Ermənilərə nüfuz etməyə başlamaları da Eçmiədzin kilisəsi vasitəsi ilə olmuşdur.
1877-1878 müharibəsindən məğlubiyyətlə çıxan Osmanlı, şərqi Anadolunun bir qismini Rusiyaya tərk etməyə məcbur qalmışdı. Buna görə də orada yaşayan ermənilər, Rus çarına müraciət edərək işğal etdikləri torpaqları Osmanlıya qaytarmamasını, mümkünsə onlar üçün ən azından Bolqarıstan misalında olduğu kimi bir muxtariyyət verilməsini tələb etmişdilər.

Bundan təlaşa qapılan İngiltərə, şərqi Anadoluda Rus kontrolunda qurulacaq bir Ermənistanın, Bəsrə körfəzi və Hindistandakı müstəmləkələr üçün təhlükə törədəcəyini düşünmüş və o da bu problemin tərəflərindən birinə çevrilmişdir. Üstəlik 1880-ci ildə İngiltərədə hakimiyyətə gələn Gladstone höküməti, Osmanlını parçalayaraq fərqli millətlərdən ibarət dövlətçiklər qurmağı, xüsusi ilə də şərqi Anadoluda özünə dost Ermənistan qurmaqla Rusiyanı əngəlləyə biləcəyini planlamışdır. Bunun üçün İngiltərə sürətlə şərqi Anadoluda İngilis konsulluqları açmış, bölgəyə çox sayda protestan missionerlər göndərmiş və İngilis mətbuatında şərqi Anadoludan Ermənistan deyə bəhs edilməyə başlanmışdır. İngiltərə erməniləri Osmanlı əleyhinə oyandırmaq üçün fərqli yollar yoxlamış, öncə ölkə içində müxtəlif təşkilatlar qurduraraq erməniləri üsyana təşviq etmişdir. Fəqət bunlardan bir nəticə çıxmamışdır. Belə olduqda ermənilər üçün xaricdə müxtləif təşkilatlar qurdurulmuşdur. Bunun nəticəsində 1887-ci ildə Cenevrədə Xınçaq, 1890-cı ildə isə Tiflisdə Daşnaq təşkilatları qurulmuşdur. Bu təşkilatların əsl hədəfi, şərqi Anadoluda bir Ermənistan dövləti qurmaq olmuşdur.

Ermənilər Şərqi Anadolunun 6 vilayətini istəyirdilər. Bunlar, Ərzurum, Van, Bitlis, Elazığ, Diyarbəkir və Sivas idi. Bu 6 vilayətdə qurulacaq Ermənistan dövləti, daha sonra genişləyərək Trabzon, Adana və Hələbi də öz ərazisinə daxil edəcəkdi.

Bu təşkilatların hədəfi Anadoluda üsyan çıxartmaqdı, seçilən yol isə terror yolu idi. İlk erməni üsyanı 1890-cı ildə Ərzurumda baş verdi. 1892-1893-cü illərdə Kayseri, Yozqatda üsyanlar oldu, 1894-də Sasun üsyanı, 1895-də Zeytun üsyanı, 1905-də II. Əbdülhəmidə suiqəsd təşəbbüsü, bütün bunlar erməni təşkilatları tərəfindən həyata keçirilən terror hadisələri idi.

Dönəmin İstanbuldakı İngilis səfiri Currie 28 Mart 1894-cü ildə İngilis xarici işlər nazirliyinə göndərdiyi məktubda belə deyirdi:

“Ərzurumdakı üsyançıların hədəfi, qarışıqlıqlar çıxararaq Osmanlının cavab verməsini və beləcə əcnəbi ölkələrin bu vəziyyətə müdaxilə etmələrini təmin etməkdən ibarətdir.”

Bu üsyanları çıxaran təşkilat öndərləri, hər üsyandan sonra Avropa dövlətlərinin Osmanlı dövlətinə müdaxilə edəcəyini düşünmüş, lakin bu düçüncələri baş tutmamışdır. Hətta bu düşüncəyə dəlicəsinə inanan təşkilat liderlərindən Armen Aknomi, xəyal qırıqlığı yaşayaraq özünü öldürmüşdür.

Bu dönəmdə Osmanlı dövləti də hər dövlətin edəcəyi kimi, üsyanlara qarşı ordusu ilə müdaxilə yolunu seçmişdi. Fəqət yaxalanan təşkilatçılar bir müddət sonra Avropa dövlətlərinin təsiri ilə sərbəst buraxılmışdır.
Beləliklə, tarixdə “Erməni məsələsi” adlanan hadisələrin inkişafı bu şəkildə olmuşdur.

Erməni “soyqırımı” iddiaları

I Dünya müharibəsinin başlaması ermənilər üçün məqsədlərinə çatmaq yolunda yeni bir dönəmin başlanğıcı oldu. Ermənilər, Türk, Rus və İran hakimiyyətindən qurtularaq müstəqil bir Ermənistan qurmaq üçün sistemli bir mücadiləyə başladılar. Onların bu istək və arzuları, böyük dövlətlərin təhrik və fitnələri ilə daha da artdı. Çünkü böyük dövlətlər bir tərəfdən ermənilərə müstəqillik vəd edərkən, bir tərəfdən də onları silahlandırırdılar. Hər bir Erməninin silahlanmasını istəyən Xınçaq liderləri, “fəaliyyətlər yalnız düşüncə ilə olmaz. Mütləq silahlı fəaliyyətə keçmək lazımdır” deyirdilər.

Osmanlı dövləti ermənilərin sürətlə silahlandığını görərək, bütün silahların toplanması haqqında bir fərman verdi və beləcə Ermənilərə aid ev və iş yerlərində axtarışlar aparılaraq minlərcə silah topladıldı. Ancaq dövlət yenə də Ermənilərin silahlanmasının qarşısını ala bilmədi. Çünkü şərqi Anadolunun böyük bir hissəsini işğal etmiş Ruslar, Ermənilərə davamlı silah tədarükü edirdilər.

Müharibə dövründə Rus ordusunda təxminən 250 min Erməni könüllü vuruşurdu. Bu könüllülər əsasən Qafqaz cəbhəsində Ruslarla birlikdə hərəkət edirdilər. Könüllülərə ən böyük dəstək isə Erməni burjuaziyasından gəlirdi. Erməni burjuaziyası müharibənin Rusiya lehinə qurtarmasını və nəticədə Erməni məsələsinin həll edilməsini arzulayırdı. O dövrün Erməni Mşak qəzeti yazırdı ki, “Erməni məsələsi, Fransa, İngiltərə və Rusiya sayəsində həll ediləcəkdir”.

Əslində müharibə başladıqdan sonra Ruslar ermənilərə, ələ keçirəcəkləri bölgələrdə muxtar Ermənistan quracaqlarına dair söz vermişdilər. Hətta bunun üçün Tiflisdə bütün Ermənilərin toplanmasını və Osmanlıya qarşı mübarizə aparılmasını tövsiyyə etmiş, bu tövsiyyəyə uyan minlərlə Erməni Tiflisə axışmışdı. Bu sırada Daşnaqsütun və Xınçaq təşkilatları isə Erməni könüllülərdən ibarət qruplar qurmuş, onların Osmanlı ölkəsinə gedib təxribatlar törətmələrinə şərait yaratmışdılar. Erməni silahlı qrupları xüsusi ilə Türk ordusunu arxadan vurmaq üçün hazırlanmış, Ərzurum, Sivas, Pasinlər civarı əməliyyat bölgəsi olaraq seçilmişdi. Onların bu kimi fəaliyyətlərindən xəbərdar olduqca Ənvər paşa İstanbuldakı Erməni patrikinə bunu xəbər verir, müzakirələr aparırdı.

Şüphəsiz heç bir ölkə cəbhədə müharibədə ikən ölkə daxilində düşmənin müttəfiqinə xoş rəftar etmək istəməz. Üstəlik müharibənin başlaması ilə ermənilərin şərqi Anadolunun bir çox bölgəsində üsyan çıxarmaları və 15 Aprel 1915-ci ildə Vanı işğal edərək bir çox dövlət məmuru və jandarmeriya əsgərlərini öldürmələri Osmanlı dövlətini ciddi qərarlar almağa sövq etdi. Ənvər Paşa, dönəmin daxili işlər naziri Talat Paşaya yazdığı məktubda, “Mümkünsə üsyançıları və onların ailələrini ölkədən xaricə çıxartmağı, onların yerinə isə xaricdən gələn müsəlman əhalini qəbul etməyi tövsiyyə edərdim” deyə tapşırıq verdi.

Talat Paşa da bu məktubu aldıqdan sonra sürətlə Van, Bitlis və Ərzurum bölgələrində yaşayan ermənilərin müharibə bölgələrindən uzaqlaşdırılmalarını əmr etdi. Beləliklə yalnız müharibə bölgəsində yaşayan və düşmənlə ittifaq etmə ehtimalı düşünülən ermənilər, ailələri ilə bərabər cənuba, Suriyaya doğru köçürülməyə başlandı. Lakin bu ermənilərin çoxu, daha sonra oradan Fransaya və Amerikaya köçdülər. Əslində Osmanlı dövləti, yalnız üsyan fəaliyyətlərinə qarışmış və müharibədə arxa cəbhəsindən təhlükə gözlədiyi bölgələri boşaldırdı. Üstəlik ermənilərin sağlam və güvənli bir şəkildə göndərilməsi üçün həm yol boyu, həm də gedəcəkləri bölgələrdə hər cür təhlükəsizliyi təmin etmişdi. Bunun üçün milyonlarca lirə pul ayrılmışdı. Ayrıca Türkiyənin başqa bölgələrindəki Ermənilərə toxunulmamışdır.

Şübhəsiz köçürülmə əsnasında bəzi əksiklik və problemlər vaqe olmuşdur. Bunun da səbəbi dövlətin müharibə vəziyyətində olması idi. Ayrıca ermənilərin şərqi Anadoluda məsum türk və müsəlman əhaliyə qarşı vəhşicəsinə davranışları, köçürmə məmurlarından bəzilərinin ermənilərə qarşı intiqam duyğusunu oyandırmış, nəticədə bəzi xoşa gəlməz hadisələr yaşanmışdır. Ancaq Osmanlı dövləti bu məmurlardan 1397-ni məhkəməyə çəkmiş və cəzalandırmışdır.

Ümumiyyətlə Erməni köçü məsələsini araşdıran tədqiqatçıların fikrinə görə, 1914-cü ildə Osmanlı tabeçiliyində yaşayan ermənilərin sayı 1.300.000-1.700.000 arasında idi. Onlardan sadəcə 400.000-i cənuba köçürülmüş, 350-400.000 Erməni isə könüllü olaraq Rusiyaya və Qafqaza köçmüşdür. Ayrıca qərbi Anadoluda, İzmir, Trakya və İstanbulda yaşayan 300.000 Erməni köçürülmə planının kənarında tutulmuşdur.

Bir tarixi faktı da ifadə etmək gərəkir ki, 1918-ci ildə Erməni deleqasiyasi rəhbəri Boqos Nubar, Fransa Xarici İşlər nazirliyinin xüsusi vəzifəlisi Gouta verdiyi raportda köçürülən Erməni sayının 400.000 civarında olduğunu açıqlamışdır. Bu rəqəm Türk professoru Yusif Halaçoğlunun Osmanlı arxiv sənədlərinə isnad edərək açıqladığı rəqəmlərlə eynidir.

Erməni mənbələri isə Osmanlı dövlətinin ermənilərə qarşı şiddət uyğuladığını söyləməkdədir. Məsələn bir Erməni mənbəsinin verdiyi məlumata görə, 24 Aprel 1915-ci ildə İstanbulda Erməni yazıçılar, ziyalılar öncə həbs edildi, sonra isə öldürüldülər. 1915-1916-cı illərdə ermənilərə qarşı şiddət fəaliyyətləri davam etdi, nəticədə minlərlə erməni öldürüldü. Ermənilərin bu fikrinə uzun illərdir xarici ölkə tədqiqatçıları və siyasətçiləri də qatılmaqda və nəticədə Türklərin güya ermənilərə “soyqırımı” etdiklərini irəli sürməkdədirlər.
Mavi kitab və “soyqırım” nağılı

Erməni köçünün “soyqırım” deyə qələmə verilməsində Osmanlı dövlətinə düşmən olan 3 şəxsin böyük rolu olmuşdur. Bu şəxslər, İngilis tarixçisi Arnold Toynbee, 1913-1916-cı illər arasında İstanbulda Amerika səfiri kimi çalışan Henry Morgenthau və Alman protestan papazı Dr. Johannes Lepsius idi.

1-ci Dünya savaşı başladığında gənc bir tarixçi olan Toynbee, İngilis İnformasiya Nazirliyinin təbliğat və təşviqat idarəsində, Almaniya, Osmanlı imperiyası və Avstriya əleyhinə propaqanda işləri ilə məşğul olurdu. Xüsusən Osmanlı dövləti əleyhinə sadəcə ermənilərdən eşitdiklərini qeyd edən Toynbee, 2 il sonra topladığı bu bilgi və sənədləri İngilis diplomat Lord Bryce ilə bərabər İngilis hökümətinin tapşırığına əsasən “Mavi Kitab” adıyla nəşr etdi. Fəqət bir neçə ildən sonra bu bilgilərin “xüsusi bir məqsədlə” yəni təbliğat xarakterli yayımlandığını, bu hərəkətinin isə “centlmenliyə uyğun olmadığını” etiraf etmişdir.

Erməni yalanlarının dünyaya çatdırılmasında ikinci mühüm şəxsin Amerika səfiri Henry Morgenthau olduğunu yuxarıda qeyd etmişdik. Morgenthau səfir ikən onun müşaviri Erməni Arşak Şmavoniyan, tərcüməçisi isə yenə Erməni Aqop Androniyan olmuşdur. Onlardan eşitdiklərini Amerikaya raportlar şəklində göndərən səfir, ölkəsinə döndükdən sonra isə 1918-ci ildə “Səfir Morgenthaunun hekayələri” adlı bir kitab yayınlamışdır. Təbliğat xarakterli bu kitab Amerika içtimai rəyi üzərində böyük təsir bağışlamışdır. Morgenthau kitabında 1.200.000 Erməninin sürgün olunduğunu, onlardan 600.000 öldüyünü iddia etmişdir.

Şübhəsiz bu rəqəmlər xeyli şişirdilmişdir, çünkü yuxarıda o dönəm Osmanlı imperiyasında yaşayan toplam Erməni nufusunun 1.300.000- 1.700.000 arasında olduğunu və sadəcə ölkənin şərqində yaşayanların köçürüldüyünü qeyd etmişdik. Toynbee də Morgenthau kimi 600.000 Erməninin öldüyünü iddia etməkdədir, lakin hər ikisinin ifadə etdiyi rəqəmlər belə bu gün “soyqırım” dəllallarının açıqladığı 1.500.000 rəqəmindən çox-çox aşağıdır.

Erməni heyranı olan Alman protestan rahibi Dr. Johannes Lepsius İstanbulda sadəcə bir ay qalmasına rəğmən, Erməni patriarxı və digər Erməni “şahidlər”indən eşitdiklərini 1918-ci ildə Parisdə “Dr. Lepsiusun gizli raportları” adlı bir kitabla duyurmuşdur. Bu kitabın da yalan, iftira və iddialardan ibarət olduğu çox keçmədən anlaşılmışdır.

Beləliklə bu gün xüsusən Qərb dünyasının erməni “soyqırımı” deyə müraciət etdiyi məsələ bundan ibarətdir. Bu məsələ şübhəsiz Türkiyəyə təzyiq kimi hər il qabardılır, xüsusən Erməni lobbisinin sərmayəsi ilə bu mövzuda filmlər çəkilir, kitablar yazılır, konfrans və simpoziumlar təşkil olunur.

Lakin bütün bunlara etiraz edən Türkiyə hökumətinin, bütün arxivlərin açılması və dünyaca məşhur müstəqil tarixçilərin bu mövzu haqqında tədqiqatlar aparması çağrılarına nə Ermənistan hökuməti nə də Qərb hökumətləri müsbət cavab vermişdir. Tarixi gerçəkliyi olmayan bu məsələnin, siyasətçilər tərəfindən sadəcə Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunmasının daha nə qədər davam edəcəyi və işin necə sonlanacağını bu başdan söyləmək mümkün deyildir.

"Şəki bələdiyyəsi" qəzeti


Müəllif:

Oxşar xəbərlər