Azərbaycan dövləti, Azərbaycan Ordusu heç vaxt mülki əhali ilə müharibə aparmayıb və aparmır. Bunu Tərtər rayonundakı "N" saylı hərbi hissədə şəxsi heyətlə görüşən Ali Baş Komandan, Prezident İlham Əliyev deyib.
Prezident İlham Əliyev deyib: "Ordu quruculuğu siyasətimizin prioritetidir. Bu, təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. 1994-cü ildə atəşkəs rejimi yaradılıbdır. Ancaq buna baxmayaraq, Ermənistan atəşkəs rejimini daim kobudcasına pozur. Xüsusilə görəndə ki, onlara qarşı münaqişə ilə bağlı beynəlxalq təzyiq artır, onlar atəşkəsi daha çox pozurlar və müxtəlif silahlı təxribatlara əl atırlar. Beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı artıq tam məlumatlıdır. Biz bu illər ərzində bütün dünyaya sübut edə bilmişik ki, zərərçəkən tərəf bizik".
Dövlət başçısı qeyd edib ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycan xalqına qarşı soyqırımı törədib, torpaqlarımızı işğal edib və bu işğalı davam etdirir: "Bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədrləri də son vaxtlar dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Bu, nə deməkdir? O deməkdir ki, işğala son qoyulmalıdır. Bu, birbaşa Ermənistana ünvanlanan siqnaldır. Buna görə və eyni zamanda, görəndə ki, Azərbaycan dünya miqyasında daha da çox dəstək qazanır, onlar danışıqları pozmaq və işğalçı siyasəti davam etdirmək üçün vaxtaşırı silahlı təxribatlara əl atırlar. Biz bunu yaxın keçmişdə görmüşük. Xüsusilə 2014-cü ildə yay aylarında bizim mövqelərimizə hücum çəkmişlər. O vaxt da bizim Ordumuz layiqli cavab verdi. Həmin ilin noyabrında danışıqlarda müəyyən ümidlər yaranandan sonra Ağdam rayonunda onların özlərinin verdiyi məlumata görə, 47 min nəfərlik şəxsi heyətlə genişmiqyaslı təlimlər keçirmişlər. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan tərəfi bir neçə gün özünü çox təmkinlə apardı. Ancaq ondan sonra Ermənistanın iki hərbi helikopteri bizim mövqelərimizə hücum çəkdi. Azərbaycan Ordusu da onların birini məhv etdi. Bundan istifadə edən Ermənistan bizi günahlandırdı və danışıqlar prosesində yenə də durğunluq yarandı. Bu hadisəni bəhanə gətirərək bizi ittiham etməyə başladılar ki, Azərbaycan atəşkəsi pozur. Məqsəd də aydın idi ki, yenə də danışıqlar aparılmasın, işğalçı siyasət yenə də davam etdirilsin".
İlham Əliyev deyib ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu heç vaxt mülki əhali ilə müharibə aparmayıb və aparmır: "Biz sadəcə olaraq, düşmənin atəş mövqelərini bizə açılan atəş zamanı böyük ustalıqla məhv edirik. Ancaq eyni zamanda, Azərbaycan Ordusu öz vətəndaşlarını qorumalıdır, qoruyur və qoruyacaq. Münaqişənin həlli Ermənistan dövlətinə də imkan verəcək ki, onlar da müstəqil dövlət qura bilsin. Mən yenə də ümid edirəm ki, onların işğalçı siyasəti sona çatacaq. Çünki bunun başqa yolu yoxdur. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və son hadisələr bunu bir daha göstərdi. Bizə qarşı edilən silahlı təxribat cavabsız qalmadı. Bunu hamı bilir. Ermənistan rəhbərliyi nə qədər tez anlasa ki, onlar ancaq Azərbaycan ilə sülh şəraitində inkişaf edə bilərlər, münaqişəyə bir o qədər tez son qoyular".
Dövlət başçısı əlavə edib: "Mən həmişə orduda xidmət edənlərə böyük hörmətlə yanaşmışam. Ordu quruculuğu üçün nə lazımdırsa o da olacaq. Onu da edirik. Ən böyük xərclər hərbi xərclərdir. Artıq neçə ildir ki, bu, belədir. Bəzən müxtəlif ölkələrdən olan ermənipərəst siyasətçilər məni günahlandırırdılar ki, nə üçün Azərbaycanda hərbi büdcə getdikcə artır? Ona görə ki, biz işğala məruz qalmışıq. Əgər bu işğal olmasaydı, əlbəttə ki, buna ehtiyac olmazdı. Ancaq həyat göstərdi ki, biz nə qədər haqlıyıq. Əgər bizdə güclü hərbi imkanlar olmasaydı, bu gün təmas xəttində vəziyyət fərqli ola bilərdi. Həm döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizat, silah, texnikanın alınması, vətənpərvərlik ruhu, hərbçilərimizin peşəkarlığı, məharəti, aprel döyüşlərində göstərdikləri şücaət və qəhrəmanlıq bizim böyük sərvətimizdir.
Siz bu gün burada düşmənlə üz-üzə xidmət edirsiniz. Torpaqlarımızı, vətəndaşlarımızı müdafiə edirsiniz. Bu, böyük, şərəfli missiyadır. Sizi bütün uğurlar münasibətilə ürəkdən təbrik edirəm. Yeni uğurlar arzulayıram. Bundan sonra da Vətənə həmişə bağlı olun, Vətəni sevin, torpağımızı qoruyun, vətəndaşları müdafiə edin. Eşq olsun Azərbaycan Ordusuna!"