Sahib Məmmədov: "Bəzilərindən olsa, 21 min məhbusun hamısını "siyasi" elan edər"
Vəkil Əshabəli Mustafayev 2005-2008-ci illərdə fəaliyyət göstərmiş Siyasi Məhbuslar üzrə İşçi Qrupunun fəaliyyətinə artıq etimad olunmadığını, yeni qurumun yaradılmasına ehtiyac duyulduğunu və orada vəkillərin də iştirak etməsinin vacibliyini bildirib.
İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçisi Sahib Məmmədov isə Facebook səhifəsində Əshabəli Mustafayevi "işverən" adlandıraraq vəkillərin belə bir qurumda təmsil olunmasının qeyri-qanuni olduğunu deyib: "Əshabəli bəy, cəmiyyətdə kimə etimadın olub-olmamasını siz müəyyən etmirsiniz. Əksinə, bu gün sizlər etimadı itirmisiniz. Avropa məhkəməsinə hazırladığınız layihə çərçivəsində şikayətlərə görə qurbanlarla borc müqaviləsi bağlamağınızı, xanımınızın, oğlunuzun adına QHT açıb yüz minlərlə vəsaiti mənimsəməyinizi də bilirik. Hətta müştəriləriniz barədə məlumat ötürməyinizi də. Amma sussanız yaxşıdır. Etimad etmədiyiniz adamlardan biri kimi illərdir məndən xahişlər edirsiniz. Yadınıza bəzi şeyləri sala bilərəm".
Sahib Məmmədov deyir ki, Əshabəli Mustafayev hökumətə yalvarır ki, onu yaradılacağı hələ bəlli olmayan işçi qrupuna salsınlar. Özünün illər əvvəl yaradılan qrupda təmsil olunmağına gəlincə, Sahib Məmmədov buna o vaxt millət vəkili olmuş Gültəkin Hacıbəylinin təklifinə əsasən razılaşdığını deyir.
İclassız qalan qrup
Hüquq müdafiəçisi bizimlə söhbətində Əshabəli Mustafayevin və ümumiyyətlə, vəkillərin siyasi məhbusların məsələlərinə cəlb olunmasını absurd adlandırdı: "Adam deyir ki, orada mənim kimilər təmsil olunmalıdır. Vəkil belə yerdə təmsil oluna bilməz. Çünki onun üçün bütün müştərilər günahsızdır. Müdafiə etdiyi şəxsin maraqlarından kənara çıxa bilməz. Bu adam fərqində deyil ki, can atdığı iş onun fəaliyyəti ilə tərs mütənasibdir".
Qeyd edək ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqland artıq ikinci dəfədir ki, siyasi məhbuslar üzrə işçi qrupunun yaradılması barədə açıqlama verib. Hazırda isə hökumətin bu istiqamətdə rəsmi pozisiyası olmasa da, bəzi hüquq müdafiəçiləri keçmiş qrupun fəaliyyətini tənqid etməklə yeni yaranacaq qurumda təmsil olunmaq istədiklərini açıq-aşkar bəyan edirlər.
Sahib Məmmədov əvvəlki İşçi Qrupunun fəaliyyətinin səmərəli olduğunu, amma xarici və daxili səbəblər üzündən davam etmədiyini bildirdi: "Qrup effektiv işləsə də, fəaliyyəti başa çatdı və bunun da səbəbləri daxili və xarici amillər oldu. Azərbaycanda bir çox hüquq müdafiəçiləri narahat idi ki, bu iş başa çatacaq və onların biznesinə ziyan gələcək. Ona görə də qrupu satqınlıqda ittiham edirdilər, fəaliyyətini kölgə altına qoyan açıqlamalar verirdilər. Beynəlxalq təşkilatlara məktublar yazırdılar. Nəticə də o oldu ki, bir vaxtlar qrupun fəaliyyətini dəstəkləyən Avropa Şurası birdən-birə Cənubi Qafqaz üzrə yalnız Azərbaycana məruzəçi təyin etdi. Bu isə İşçi Qrupun fəaliyyətini süquta uğratdı. Hazırda o ləğv olunmuş qurum deyil, sadəcə 2008-ci ildən - məruzəçi təyinatından sonra qrupun iclası keçirilməyib".
Müsahibimiz deyir ki, qrupun uğur qazanmasının bir səbəbi də orada qeyri-hökumət nümayəndələri, hüquq müdafiəçiləri ilə yanaşı, hökumətin 3 qolunun - Prezident Aparatı, Milli Məclis və məhkəmə hakimiyyətinin nümayəndələrinin təmsil olunması idi: "Qrup effektiv fəaliyyət göstərən intensiv işləyən qrup idi. İndi Gültəkin Hacıbəyli deyir ki, qrup siyasi iradə hesabına işləyirdi. Əlbəttə ki, siyasi iradə olmasaydı, həmin qrup heç yaranmazdı. Qrup tövsiyələr verirdi, qərar verən orqan deyildi və təbii ki, qrupun verdiyi tövsiyələri sonradan nəzərə almaq üçün kimlərsə qərar verməli idi. Bunu isə heç kəs inkar etmir. Əshabəli Mustafayev o vaxt bu qrupa düşmək arzusunda olan şəxslərdən idi, indi düşüb ortalığa İşçi Qrupun fəaliyyətini tənqid edir. Məqsəd də gələcəkdə bu istiqamətdə yaranıb-yaranmayacağı bilinməyən qrupda təmsil olunmaqdır. Birmənalı olaraq vəkillərin bu qrupda təmsil olunmasına qarşıyam. Vəkillər konkret kommersiya müqaviləsi əsasında pullu xidmət göstərən şəxslərdir. Bütün müştəriləri müdafiə etmək onların borcudur. Onlar İşçi Qrupunda təmsil olunarsa, necə deyə bilərlər ki, mənim müştərim ədalətli və ya ədalətsizdir? Yəni ucdan tutma hamını müdafiə edəcəklər. Azərbaycanda vəkillərin hüquq müdafiəçisi qismində çıxış etməsi kimi absurd hal onsuz da var. Vəkil quldurluq edən şəxsi də müdafiə edir və "Vəkillik haqqında" Qanun, vəkillik etikası müştərisi əleyhinə zidd fikir bildirməyi onlara qadağan edir. Hüquq müdafiəçiləri isə bu məsələdə neytraldır".
"Siyasi məhbus" sözü çıxarılmalıdır"
Sahib Məmmədov hesab edir ki, İşçi Qrupu yaradılacağı təqdirdə ilk növbədə qrupun adındakı "siyasi məhbus" sözü çıxarılmalıdır: "Qrupun heç o vaxt da adı belə deyildi. Mətbuat özü bu cür adlandırdı, belə də qaldı. Hazırda isə siyasi məhbus siyahısı bizdə kontroldan çıxıb. İndi siyasi məhbus siyahısı tərtib etmək dəb olub, hərəsində də fərqli rəqəmlər göstərilir. Biri 98 nəfər, o biri 190 nəfər deyir. Bəzilərindən olsa, hətta ölkədəki 21 min məhbusun hamısını siyasi məhbus edər. Siyahıda elə şəxslərin adı var ki, onlar konkret olaraq cinayət törədib, adam öldürüb. Bunun haqqında çıxarılan məhkəmə qərarını ədalətli saymırlar. Qərar ədalətli olmaya bilər, amma o demək deyil ki, həmin şəxs siyasi məhbusdur".
Hüquq müdafiəçisi həmin siyahıların hamısının ləğvinə tərəfdardır: "Yaradılacağı təqdirdə həmin işçi qrup məhbuslar barədə kriteriyalarla yenidən tanış olmalı və yeni siyahı hazırlanmalıdır. İndi cəmiyyətin böyük bir qismi siyasi məhbus siyahısı hazırlamaqla məşğuldur. Buna son qoyulmalıdır və bu siyahılar həmin insanların azad olunmasına kömək etmir. Həmin siyahıların çoxu qrant almaq üçün vasitədir".
"Əsas məsələ qrupda kimlərin təmsil olunmasıdır"
İnsan Hüquqları XXI Əsr Fondunun prezidenti Şahin Camalov deyir ki, Avropa Şurasının əksər vaxtlarda Azərbaycana qarşı qərəzli mövqeyinə rəğmən siyasi məhbuslar üzrə qurumun yaradılmasına ehtiyac var: "Çünki onlara mütəmadi olaraq doğru və ya yalan siyahılar göndərilir. Siyahılar mütəmadi müzakirə olunur, araşdırılması üçün ölkəyə göndərilir. Beynəlxalq təşkilatlara layiqli cavab verilməsi üçün qrupun yaradılmasına ehtiyac var. Amma əsas məsələ qrupda kimlərin təmsil olunmasıdır".
Şahin Camalov əvvəlki qrupda təmsil olunanların bu sahə üzrə məlumatlı olduğundan müəyyən qədər uğur qazandıqlarını deyir: "Qrupun fəaliyyəti ilə tanış idim, onlar kifayət qədər işlər görmüşdülər. Çünki qrupda həm qeyri-hökumət nümayəndələri, həm də dövlət qurumlarından nümayəndələr təmsil olunurdular. Yeni yaranacaq qrupda da beynəlxalq hüquq sistemini dərindən bilən insanlar olmalıdır. Məhkəmə strukturunda çalışanların da olması təcrübə baxımından kömək edə bilər".
Xatırladaq ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş Siyasi Məhbuslar üzrə İşçi Qrupunun tərkibində hakimiyyət nümayəndələri qismində Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının əfv sektorunun müdiri Kəmalə İsmayılova, Prezident Administrasiyası insan hüquqlarının müdafiəsi məsələləri sektorunun böyük məsləhətçisi Otari Qvaladze, Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov, Daxili İşlər Nazirliyindən Fazil Quliyev, Ədliyyə Nazirliyindən Faiq Qurbanov, Respublika Prokurorluğundan Kamran Əliyev, Xarici İşlər Nazirliyindən Tahir Tağızadə və Ali Məhkəmənin hakimi Vəfaddin İbayev fəaliyyət göstərib. Deputatlardan isə Səməd Seyidov, Gültəkin Hacıyeva, Bəxtiyar Əliyev, Əli Hüseynov qrupa daxil edilib.
Hüquq müdafiəçisi qismində Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Çingiz Qənizadə, Sahib Məmmədov, Eldar Zeynalov, Zəlihə Tahirova, Murad və Rəna Saddədinovlar qrupda təmsil olunublar.
Naibə QURBANOVA