10 May 2015 00:01
2 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan xalqının ümumilli lideri Heydər Əlirza oğlu Əliyevin doğum günüdür.


O, 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. Ulu öndər 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alır. O zaman başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan vermir.


1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.


O, 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində çalışıb, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.


1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri, 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.


Ulu öndər Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, 5 il isə SSRİ Ali Soveti sədrinin müavini vəzifələrində çalışıb.

O, 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.


Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.


Ulu öndər 1990-cı ilin iyulunda Azərbaycan Ali Sovetinə deputatı, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Dahi Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın ilk sədri seçilib.


1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandıqda ulu öndər Heydər Əliyev rəsmi şəkildə Bakıya dəvət edilərək, iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilir, iyulun 24-də isə prezidentin səlahiyyətlərini həyata keçirməyə başlayır.


O, 1993-cü il oktyabrın 3-də birinci, 1998-ci ilin oktyabrın 11-də isə ikinci dəfə Azərbaycan Respublikasının prezidenti seçilir. İkinci dəfə rəhbərliyə qayıdandan sonra ulu öndər Heydər Əliyev səhhətindəki problemlərlə əlaqədar 1998-ci ildə Gülhanə hərbi tibb akademiyası, sonrakı illərdə həm də Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasına bir neçə dəfə müraciət edir.


Son dəfə isə ulu öndər Heydər Əliyevin vəziyyəti 2003-ci ilin, aprel ayında, Cəmşid Naxçıvanski adına hərbi litseyin məzunları qarşısında çıxış edərkən pisləşir.


O, iki dəfə müvazinətini itirsə də, sonradan öz çıxışını davam etdirməyə özündə güc tapır. Bir müddət ulu öndər Heydər Əliyev Bakıda öz fəaliyyətini davam etdirsə də, səhhəti ona normal işləməyə imkan vermədiyindən yenidən Türkiyəyə müalicəyə yollanır, avqust ayında isə Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasına yola düşür.


2003-ci il dekabrın 12-də ulu öndər Heydər Əliyev ürək çatışmazlığından vəfat edir.
Ümummilli lider Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.


Mərhum eks-prezident Heydər Əliyevin doğum günü ilə bağlı silsilə tədbirlər hər il Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində də qeyd edilir.


Bu gün isə ulu öndərin ad günü münasibəti ilə paytaxt Bakıda və digər bölgələrimizdə Gül bayramı keçirilir.


Müəllif:

Oxşar xəbərlər