“Prezidentlər arasında növbəti görüşün keçirilməsi planlaşdırılmışdı. Vyana görüşündən sonra tərəflər belə bir qərar qəbul etdilər ki, növbəti görüşdə hansısa sazişin konturları müzakirə olunmalıdır. Bunu həm Con Kerri, həm də Sergey Lavrov öz bəyanatlarında demişdilər. Əgər onların bəyanatlarına inansaq, demək növbəti görüşdə həqiqətən hansısa bir dinamik irəliləyiş olmalıdır. Heç olmasa, yeni bir addım atılmalıdır. Aparıcı dövlətlər, xüsusilə də Rusiya başa düşür ki, Azərbaycan artıq bəyanatlarla deyil, konkret praktiki addımlarla dünyaya, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinə sübut etdi ki, öz torpaqlarını azad etməyə qadirdir. Bunun üçün həm hərbi potensialı, həm də siyasi iradəsi var və bu istək gec-tez yerinə yetirilməli, həyata keçirilməlidir”.
Bunu Teleqraf.com-a açıqlamasında Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov deyib. F.Sadıxov bildirib ki, aparıcı dövlətlər, hər halda Minsk qrupunun həmsədrləri yeni təkliflər irəli sürməyə çalışırlar:
“İndi Rusiya təşəbbüsü öz üzərinə götürüb. Rusiya bu görüşü təşkil edən tərəf kimi çıxış edir. Amma mən görüşün təşkili məsələsinin digər həmsədrlərlə razılaşdırılmadığını düşünmürəm. Əminəm ki, hansısa təkliflər irəli sürülürsə və hansısa qərar qəbul olunacaqsa, bu, mütləq digər həmsədr ölkələrlə razılaşdırılacaq”.
Bununla belə, F.Sadıxov qeyd edib ki, digər aparıcı dövlətlər etiraf edirlər ki, Rusiya bu regionda aparıcı oyunçudur: “Bu, bir reallıqdır. Rusiya bir tərəfdən Ermənistanın yaxın müttəfiqi, digər tərəfdən Azərbaycanın strateji tərəfdaşıdır. Rusiya Ermənistana müəyyən təzyiqlər göstərməyə qadir olan ölkədir. Ona görə də mən inanmıram ki, 20 ildən artıq bir dövrün münaqişəsi bir gün ərzində həll olunsun. Amma mənə elə gəlir ki, Rusiya burda təşəbbüskar kimi çıxış edirsə və bu görüşü təşkil edirsə, bəlkə də hansısa təkliflər paketi irəli sürüləcək”.
Görüşdən real nəticələrin gözlənib-gözlənmədiyinə gəldikdə isə, politoloq bildirib ki, real nəticə hansısa yeni ideyaların, təkliflərin irəli sürülməsindən ibarət olmalıdır: “Mən yenə də yuxarıdakı fikrimi təkrar etmək istəyirəm ki, bu qədər uzunmüddətli bir dövrün münaqişəsinin bir gün ərzində həll olunacağına inanmıram. Amma hər halda pozitiv məqam bundan ibarətdir ki, Rusiya bu məsələdə hansısa yenilik etmək lazım olduğunu başa düşür. Azərbaycanın maraqlarına cavab verən təkliflər olmalıdır. Ona görə burda havadan götürülmüş hansısa proqnoz vermək düzgün olmazdı. Amma hər halda bu amilləri, bu məqamları nəzərə alaraq mənə elə gəlir ki, Rusiya yeni bir təklif irəli sürə bilər. Əgər yeni təkliflər irəli sürülsə və bu, bizim maraqlarımıza cavab versə, yəni hər halda işğal olunmuş torpaqların azad olunması prosesinə kömək edən təkliflər olsa, əlbəttə, bu müsbət bir nəticə verə bilər”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparacaqlar.
O, V.Putinin əvvəlcə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda görüş keçirəcəyini, daha sonra danışıqların üçtərəfli formatda davam etdiriləcəyini qeyd edib: “Təbii olaraq tərəfimizdən münaqişə tərəflərinə kömək etməklə bağlı aktiv səy göstəriləcək. Biz son hərbi əməliyyatların dayandırılmasında həlledici rol oynamışıq. Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdəki birgə bəyanatlarında qeyd olunan prinsiplər əsasında Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə öz vasitəçilik missiyamızı davam etməyə hazırıq”.
Səxavət HƏMİD