29 İyun 2016 18:08
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeddi aylıq fasilədən sonra Rusiya-Türkiyə münasibətlərinin bərpası üçün çox unikal imkanlar yaranıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlaması və həmin məktubda ikitərəfli əlaqələrin bərpasında və inkişafında maraqlı olduğunu bəyan etməsi, məlum təyyarə insidentindən sonra yaranmış gərginlikdən narahat olduğunu ifadə etməsi, xüsusilə də, həlak olmuş rusiyalı pilotun ailəsinə başsağlığı verməsi, bu hadisədən çox sarsıntı keçirməsi ilə bağlı mövqeyi Rusiya tərəfindən də çox müsbət qarşılanıb”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib.


E.Nəsirov qeyd edib ki, xüsusilə, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Türkiyə rəhbərliyi ilə müəyyən problemlər olduğunu, rus xalqının türk xalqına hər zaman dost xalq kimi böyük hörmətlə yanaşdığını, bunun gecikmiş addım olmasına baxmayaraq heç olmamasından yaxşı olduğunu, bu addımı çox müsbət dəyərləndirdiklərini vurğulayıb: “Bu gün Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı baş tutdu. Vladimir Putin İstanbulda törədilmiş terror aktı ilə bağlı çox böyük üzüntü keçirdiyini, kədərləndiyini bildirdi, türk xalqına başsağlığı verdi.

Eyni zamanda əlaqələrin bərpasında və inkişafında maraqlı olduqları fikrini vurğuladı. Hesab edirəm ki, bu, yeni reallıqdır və 7 aylıq pauzadan sonra Moskva-Ankara münasibətlərinin inkişafı daha sürətli templə gedə bilər. Bu iki dövlətin əlaqələri bütün istiqamətlər üzrə yüksək inkişaf tempinə malik idi. Amma bir hadisə bütün münasibətlərin üstündən xətt çəkmişdi. İndi həm siyasi dialoq, həm iqtisadi əlaqələr, xüsusilə enerji sektorunda əlaqələr və “Türk axını” layihəsinin reallaşması, atom enerjisi sahəsində, kənd təsərrüfatı məhsullarının satışı və turizm sahəsində əlaqələrin inkişafı üçün yenidən çox münbit bir şərait təmin edilmiş olur. Bir neçə il bundan öncə iki dövlət ticarət dövriyyəsinin səviyyəsini 100 milyard dollara çatdırmaqla bağlı ilkin razılaşma əldə etmişdilər və həcmi 40 milyard dollara çatdırmışdılar.

Lakin sonradan məlum hadisələr fonunda əlaqələr kəskin şəkildə pisləşmişdi. İndiki barışıq fonunda isə yenidən o hədəfə – ticarət dövriyyəsinin həcmini 100 milyard dollara çatdırmaqla bağlı hədəfə çatmaq üçün yeni imkanlar açılır. Bundan da maksimum faydalanmaq vacibdir”.


E.Nəsirov hesab edir ki, münasibətlərin bərpasında Azərbaycan dövlətinin də xüsusi xidmətləri olub. Onun sözlərinə görə, Azərbaycan Prezidenti, cənab İlham Əliyev çıxışlarında ölkəmizin Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin, Türkiyə ilə isə dost və qardaş dövlət olduğunu bir neçə dəfə qeyd edib: “Bu iki dövlətin münasibətlərinin bərpasında Azərbaycan öz vasitəçilik rolunu təklif edib və bu istiqamətdə hər cür dəstək verməyə hazırdır.

Türkiyənin baş naziri Binəli Yıldırım da son açıqlamasında dedi ki, Azərbaycan, Qazaxıstan prezidentlərinin bu istiqamətdə fəaliyyəti nəticə etibarilə Ankara-Moskva münasibətlərinin bərpasına böyük töhfə verib. Hesab edirəm ki, bu iki dövlətin münasibətlərinin yaxşılaşması təkcə ikitərəfli formatda deyil, regional təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən atılmış addımları yalnız dəstəkləmək lazımdır”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər