Milli Məclisin deputatı Qənirə Paşayeva Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Marton Gyöngyösi ilə görüşüb.
Teleqraf.com-un məlumatına görə, Q.Paşayeva görüş zamanı Azərbaycanla Macarıstan arasında bütün istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da inkişaf etməsinin məmnunluq doğurduğunu deyib.
Millət vəkili görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə M.Gyöngyösiyə geniş məlumat verib.
Hər zaman Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında göstərdiyi dəstəyə görə Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri M.Gyöngyösiyə təşəkkürünü bildirən Q.Paşayeva Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində onun səylərini daha da artıracağına inandığını deyib.
Azərbaycanla bağlı məsələlərə bundan sonra da hər zaman dəstək verəcəyini deyən M.Gyöngyösi bildirib ki, Azərbaycan dost ölkədir və o, Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük önəm verir.
Deputat Azərbaycanı çox sevdiyini və iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını deyib. Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Səxavət