ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok 18 oktyabr tarixini Montana ştatında “Azərbaycanın Müstəqilliyi Günü” elan edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Teleqraf.com-a verilən məlumata görə, ştatın qubernatoru bunu Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə ünvanladığı xüsusi təbriknamədə bildirib.
S. Bullok Azərbaycanın müstəqilliyinin və azadlığının bərpası və qorunub-saxlanılması yolunda Azərbaycan xalqının göstərdiyi əzmkarlığı alqışladığını vurğulayıb.
O, son 25 ildə Azərbaycan Respublikasının müxtəlif dini etiqad və mədəniyyət daşıyıcılarının sülh içərisində birgə yaşayışı üçün beynəlxalq aləmdə uğurlu model kimi tanındığını qeyd edib. Sonda qubernator 18 oktyabr tarixini Montana ştatında “Azərbaycanın Müstəqilliyi Günü” elan etməkdən şərəf hissi duyduğunu vurğulayaraq, ştatın bütün sakinlərini bu əlamətdar bayram sevincinə qoşulmağa çağırıb. ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval da azərbaycanlıları təbrik edib. Qubernator Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna xüsusi təbrik şəhadətnaməsi göndərərək , Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə xoş arzularını çatdırıb.