24 Oktyabr 2016 20:25
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Cenevrədə BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğvi üzrə Komitənin (CEDAW) 65-ci sessiyası işinə başlayıb. Noyabrın 18-dək davam edəcək sessiyada Qadınlara Qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğvi haqqında BMT Konvensiyasına qoşulan dövlətlərdən 11-nin dövri hesabatlarına baxılacaq. 11 dövlətdən biri də Ermənistandır.

Ermənistan noyabrın 4-də hesabat verəcək. Ermənistan hökumətinin hesabatına alternativ olaraq hazırlanan hesabatlar içərisində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədovun hazırladığı hesabat da var.

Teleqraf.com-un məlumatına görə, bu barədə məlumat verən S.Məmmədov qeyd edib ki, onun hesabatı qısa olsa da ermənilərin girov qadınlara qarşı vəhşiliyini maksimum soyuqqanlı əhatə etməyə çalışıb: “Əslində məndə olan materialları oxumaq o qədər də asan deyildi. Hətta oxuduğum o materialda belə bir çox məsələlər çox üstüörtülü yazılmışdı. Əlbəttə, Ermənistanın hesabatı son 5 ili əhatə etdiyi üçün 90-cı illərin hadisələrindən bəhs etmək mümkün deyildi. Çalışdıq ki, davamedici hallardan yazaq”.

S.Məmmədov bildirib ki, Ermənistan, həmçinin, noyabrın 7-də BMT-nin İşgəncələr Əleyhinə Komitəsində (CAT) BMT-nin İşgəncələr Əleyhinə Konvensiyası üzrə dövri hesabatını təqdim edəcək: “Həmin komitəyə də Ermənistanın hesabatına alternativ hesabat hazırlamışıq. Hesabat Dilqəm Əsgərov və Şahbaz Quliyevə verilən işgəncə və qeyri-insani və ləyaqəti alçaldan davranış və cəzaya həsr olunub, həmçinin girovlardan birinin qətlə yetirilməsindən bəhs olunub. Lakin komitə ilə aramızda yumşaq desək, anlaşılmazlıq yaranıb. Komitə hesabatı bütün komitə üzvlərinə göndərsə də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının veb-səhifəsinə yerləşdirməkdən imtina edir. Əsas kimi onların qənaətinə görə üzv dövlətə münasibətdə təhqiramiz fikirlərin yer almasıdır. Bu sahədə 15 illik təcrübəsi olan şəxs kimi mən, əlbəttə, konvensiya iştirakçısı və BMT üzvü olan dövlətə qarşı aşağılayıcı ifadə işlətməzdim. Çünki bilirəm ki, BMT belə məsələlərə qarşı dözümsüzdür”.

Bəs, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissar ofisinin işçiləri nəyi təhqir sayır? Sən demə işğal və təcavüz sözlərini: “Mənim əsas məqsədim girovlarımızın məsələsini komitə üzvlərinin diqqətinə çatdırmaqdır. Onu da artıq veriblər. Amma saytda da olmasını vacib sayıram. Ona görə də güzəştə gedib o sözləri mətndən çıxardım. Gözləyirəm, dərc eləməsələr səbəbini (bazar günü Cenevrədən gəlmişəm və səbəbi öyrənmişəm) yazacam və hesabatı özüm dərc edəcəm. Halbuki, erməni QHT-lərinin Azərbaycanla bağlı hesabatlarında, həmçinin Ermənistan hökumətinin hesabatlarında Azərbaycanı hər addımda aşağılayırlar”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər