12 Noyabr 2016 10:48
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı Mixail Zabelinlə müsahibəni təqdim edir.

- ABŞ-da keçirilən seçkilər, Donald Trampın qalib gəlməsi hazırda dünyada əsas müzakirə möczusudur. Siz, seçkilərin nəticəsini necə qiymətləndirirsiniz?
- Əvvəla, heç kim Donald Trampın qalib gələcəyini gözləmirdi. Hər kəs düşünürdü ki, seçkilərdə Hillari Klinton qələbə qazanacaq. Xüsusilə, ABŞ-da Kaliforniya kimi ştatda. Hansı ki, burada çoxlu sayda ermənilər yaşayır. Onlar, eləcə də digərləri Klintonun tərəfində idi. Ancaq sonda Tramp qalib gəldi. Heç şübhəsiz ki, Trampa sadə işçilər, bizneslə əlaqəsi olmayan və ya son illər imkanları aşağı düşən orta biznes nümayəndələri səs verdi. Çünki onlar ABŞ hakimiyyətinin apardığı siyasətdən bezmişdi, odur ki, dəyişiklik istəyirdi. Əslində bu dəyişikliyi biz də istəyirdik. Çünki son illər biz də görürdük ki, bəzi ölkələr kimi ABŞ-da da Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə ikili yanaşma var. Odur ki, bizim ümidlərimiz var ki, Donald Tramp ABŞ siyasətinə yeni çalarlar gətirəcək. Şübhəsiz ki, cənab Trampın qarşısında böyük problemlər durur. Onun Suriya, Rusiya və Ukrayna ilə bağlı hansı addımlar atacağı maraqlıdır. Hesab edirəm ki, Trampın Azərbaycanın səsini eşitmək imkanı var və bu digər prezidentlərlə müqayisədə daha asan ola bilər. Biz ümid edirik ki, yeni ABŞ rəhbərliyi Azərbaycana münasibətdə pozitiv əlaqələrə çalışacaq.

- Donald Trampa Rusiyanın münasibəti daha pozitiv idi, nəinki Hillari Klintona. Bu açıq-aydın özünü göstərirdi. Sizcə, bundan sonra Rusiya-Amerika münasibətləri necə olacaq?
- Hesab edirəm ki, Rusiya ilə ABŞ arasında kifayət qədər problemlər mövcuddur. Əlbəttə, ABŞ-Rusiya arasında birbaşa konflikt yoxdur. Ancaq digər ölkələrlə bağlı konfliktlər yaranıb. Məncə, Klinton hakimiyyətə gəlsəydi, Suriya və digərdə bölgələrdə problemlərin həllinə deyil, müharibələrin daha da vüsət almasına səbəb ola bilərdi. Bu siyasət isə nəinki Rusiyanın, hətta ABŞ-ın özünün, dünyanın təhlükəsizliyinin maraqlarına uyğun olmazdı. Bütün münaqişələr sülh və ədalətli şəkildə həllini tapmalıdır. Zənnimcə, Rusiyada belə ümidlər var ki, Tramp seçki kampaniyası zamanı səsləndirdiyi vədlərə əməl edəcək. Baxmayaraq ki, ABŞ-da Konqres, Senat və digər vacib qurumlar var. Yəni onu düşünmək doğru olmazdı ki, yeni prezident səsləndirdiyi bütün vədləri həyata keçirəcək. Şübhəsiz ki, ona maneələr yaradılacaq. Hazırda biz Kaliforniya başda olmaqla bəzi ştatlarda Donald Trampın əleyhinə aksiyaların keçirildiyini görürük. Bəzi iddialara görə, bu aksiyaları Soros maliyyələşdirir. Odur ki, Trampın bütün vədlərini yerinə yetirə biləcəyini dəqiq demək doğru olmazdı. Cənab Tramp siyasətçi deyil və biznes sahəsindən gəlib. O, ilk növbədə maliyyə, siyasi, iqtisadi münasibətlərdə ABŞ-ın maraqlarına hansı məqamların xidmət etdiyini müəyyənləşdirəcək. Bu zaman onun mövqeyi haqqında danışa bilərik. Mən düşünürəm ki, Tramp vədlərinin çoxunu yerinə yetirə bilər. Xüsusilə, Rusiya ilə münasibətləri yoluna qoya bilər. Suriya və Ukraynada necə olacağını isə gələcək göstərəcək. Biz daha yaxşılara ümid edək.

- Sizcə, Donald Tramp prezident olduqdan sonra verdiyi vədlərdən imtina edə, onları sadəcə unuda bilərmi?
- Ona görə deyirik ki, Trampın atacağı addımları gözləmək lazımdır. ABŞ-da hərbi sənaye kompleksi, siyasi mərkəzlər, üstəlik demokratlar və respublikaçılar var. Həmçinin respublikaçıların heç də hamısı Trampı dəstəkləmir. Bütün bunlar sadə məsələ deyil. Deməli, ciddi işləmək lazımdır. Ümid edək ki, yaxşı olacaq. Yanvardan sonra biz bu haqda daha rahat danışa biləcəyik.

- Ağ-Ev və Kremli Suriyada razılaşmaya gələ bilərmi?
- Məncə, həm Rusiya, həm də ABŞ Suriyada məsələsində ortaq məxrəcə gələ bilər. Bunun üçün danışıqlar aparmaq lazımdır. Suriya problemi artıq qlobal məsələyə çevrilib. Vaxtılə prezident Obama qeyd edirdi ki, Quantanamo məsələsinə diqqət edəcək, dünyada sülhün əldə edilməsinə cəhdlər göstərəcək, lokal münaqişələrin həlli üçün səylər edəcək və s. Ancaq bunların heç biri baş vermədi. Ola bilsin ki, buna səbəb həm də prezidentin dar çərçivədə olan komandasının üzvlərinin təzyiqi oldu. Ancaq Donald Tramp təzə səhifədən başlayır. Bir siyasətçi kimi onun Yaxın Şərq hadisələri ilə hansısa formada əlaqəsi yoxdur. Onun şansı daha çoxdur. Məncə, bu məsələlərin necə olacağı Trampın hakimiyyətinin birinci ayında məlum olacaq.

Suriyada Rusiya və ABŞ-ın maraqları var. Biz Suriyada hadisələrin necə baş verdiyini bilirik. Bu ölkə indiki hala ona görə düşmədi ki, orada prezident qanlı hadisələri istəyirdi. Şübhəsiz ki, Səudiyyə Ərəbistanı, Qatar, qaz və neft maraqları bu məsələdə rol oynayıb. Üstəlik Suriya hadisələri zamanı Klinton dövlət katibi idi və Qatarla xüsusilə yaxın əlaqələri mövcud idi. Eyni zamanda unutmayaq ki, Suriyada Türkiyənin də özünəməxsus maraqları var. Məsələn, Türkiyə Suriya prezidentinin devrilməsində maraqlı idi. Ancaq indi demək mümkündür ki, burada sülhün əldə olunması üçün əsas rol ABŞ-ın olacaq. Çünki Rusiyanın mövqeyi bəllidir. Gələcək ABŞ hakimiyyətinin Suriya siyasəti barədə indi bir söz deyə bilmərik. Ancaq anlaşmaq üçün ilk öncə dialoq və danışıqlar olmalıdır. Amma o da həqiqətdir ki, indiyə qədər ABŞ-Rusiya arasında belə müzakirələr yox idi. Lakin Trampın imkanları var ki, bu danışıqlara başlasın. Çünki Klinton və Obama artıq körpüləri yandırmışdı və yenidən onları geriyə qayıtmaq, müzakirələr aparmaq yolu sanki yox idi. Donald Trampın isə belə imkanları çoxdur və hesab edirəm ki, yeni prezident bu istiqamətdə addım atacaq. Və aparılacaq danışıqlar Suriya böhranının aradan qaldırılmasına səbəb ola bilər. Sonrakı mərhələdə İraq və Ukrayna ilə bağlı müzakirələr də mümkündür. Odur ki, biz gələcəyin yaxşı olacağını gözləyək.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər