Xarici işlər naziri Elmar Məmmədyarovun İspaniyanın EFE agentliyinə müsahibə verib. Teleqraf.com-un məlumatına görə, nazir müsahibəsində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayınca münaqişənin sülh yolu ilə həllinin mümkün olmadığını bildirib. “Ermənistan bu reallığı dərk edərsə və öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxararsa, tezliklə münaqişə də öz həllini tapar”, deyən E.Məmmədyarov əlavə edib ki, hal-hazırda Ermənistan nəinki BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini yerinə yetirir, əksinə “münaqişənin mahiyyətindən yayınmaq üçün silahlı təxribatlara əl atır”.
O bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və ölkə əhalisinin hər doqquz nəfərindən biri qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Ermənistan Azərbaycana qarşı müharibəyə başlamasına, Azərbaycana qarşı gücdən istifadəyə, onun ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə etnik təmizləmə və digər ağır cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyır”.
Xarici işlər naziri vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq münaqişənin həlli Ermənistana və onun əhalisinə “əməkdaşlıq perspektivləri və iqtisadi inkişafdan faydalanmağa imkan yaradacaq”.
E.Məmmədyarov son illər ərzində Bakı ilə Madrid arasında pozitiv dialoqun inkişaf etdiyini və əlaqələrin gücləndiyini bildirib. Onu da əlavə edib ki, bu, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi potensialının və imkanlarının son həddi deyil.
Avropa İttifaqı ilə əlaqələrə toxunan nazir 2016-ci ildə Aİ ilə əlaqələrdə iki mühüm hadisənin – Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin 20 və Aİ və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun 10 illiyinin qeyd olunduğunu vurğulayıb: “Son iki onillik ərzində Aİ ilə əlaqələr müxtəlif mərhələlərdən keçib və qarşılıqlı maraq doğuran sahələrdə daha yaxın və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə nəticələnib”.
Rusiya ilə əlaqələrə gəlincə, Azərbaycanın XİN başçısı bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və qarşlıqlı faydalı şəkildə inkişaf etdiyini söyləyib: “Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir, onların 200-ü sırf Rusiya kapitalı, 300-ü isə birgə müəssisə kimi çalışır”.
Nazir Azərbaycanın xarici siyasət prioritetləri sırasına Latın Amerikası ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsinin də daxil olduğunu vurğulayıb.
Səxavət