Teleqraf.com-un suallarını Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri cənab Cavanşir Feyziyev cavablandırıb.
-Cavanşir müəllim, bu günlərdə belə bəyanat yayıldı ki, Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əlaqələrin bərpa olunması anti-Azərbaycan dairələrini narahat edir. Bəyanatda adınızdan avropalı həmkarınız Səyyad Kərimə məktub ünvanlandığı qeyd edilirdi. Söhbət hansı qüvvələrdən gedir?
-Azərbaycanın Avropa Şurasına qəbul olunduğu vaxtdan ötən illər ərzində Azərbaycan Avropa İttifaqı və bu quruma daxil olan ölkələrlə əməkdaşlığı fəal surətdə artırmağa və inkişaf etdirməyə çalışıb. Müstəqilliyimiz əldə olunandan sonra Azərbaycan dünyanın bütün ölkələri, o cümlədən Avropa ölkələri ilə öz əməkdaşlığını yeni əsaslar üzərində qurmağa, ölkənin beynəlxalq əlaqələrini daha da genişləndirməyə cəhd göstərib. Amma hamıya aydındır ki, beynəlxalq siyasətdə heç də həmişə hər şey hamar getmir, maneələr də olur, problemlər də ortaya çıxa bilir.
Bu, ilk növbədə onunla bağlıdır ki, Azərbaycanın müstəqillik yaşı nisbətən azdır, Azərbaycanın olduğu kimi tanınması prosesi hələ ki tam başa çatmayıb. Digər tərəfdən, Azərbaycana qarşı çıxış edən qüvvələr və onları ölkəmizə qarşı çıxmağa sövq edən səbəblər var. Ölkəmizin geosiyasi və coğrafi mövqeyi elədir ki, Azərbaycanda bir çox dövlətlərin maraqları kəsişir. Dövlətimiz üzərində maraqları cəmləşən ölkələr öz aralarında rəqabət apararaq qalib gəlməyə can atırlar. Hər biri Azərbaycanı öz tərəfinə çəkməyə, dövlətimizdən istədiyini almağa çalışırlar. Bu, beynəlxalq siyasətdə qəbul olunan siyasi qaydadır və bundan faciə yaratmaq lazım deyil.
Nəzərə alsaq ki, Azərbaycan hələ müstəqilliyini bərpa etməzdən öncəki dövrdən başlayaraq Ermənistanla müharibə şəraitindədir, bu müharibəyə münasibətdə də dövlətlər öz maraqlarından çıxış edərək fərqli yanaşma göstərirlər.
-Yəni Qarabağ münaqişəsi ayrı-ayrı dövlətlərin Azərbaycana olan münasibətinə bu və ya digər formada təsir göstərir?
-Ermənistanla müharibə şəraitində olmağımız müxtəlif dövlətlər, hökumətlər, hətta başqa-başqa ölkələrə mənsub siyasətçilərin müxtəlif reaksiyalar göstərməyə və addımlar atmağa sövq edir. Bu da çox hallarda həmin dövlətlərin Azərbaycanla olan ikitərəfli münasibətlərində öz marağını təmin etmək məqsədindən irəli gəlir. Bir sıra hallarda isə Avropa ölkələrindəki hər hansı parlament üzvü Ermənistana və oradakı hansısa şəxsə görə Azərbaycana qarşı mənfi addım atır. Bütün bu təzyiqləri normal qarşılayırıq, Azərbaycanın bütün ictimai və siyasi strukturları bu təzyiqlər qarşısında dayanır, lazımi cavablar verir, dövlətimiz heç vaxt öz milli maraqlarından geri çəkilmir və çəkilməyəcək.
Bildiyiniz kimi, Avropa Parlamenti ilə bu xüsusda fikir ayrılığı mövcud idi. 2015-ci ildə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamələrdə yer alan bir sıra ədalətsiz və heç bir əsası olmayan ittihamlara cavab olaraq Azərbaycan parlamenti Avropa Parlamenti ilə əməkdaşlığını dayandırdı. Lakin keçən 1 il ərzində Avropa Parlamentinin funksionerləri və siyasətçiləri başa düşdülər ki, bu, yanlış hərəkət idi. Avropa Parlamentindən Azərbaycana səfər edən böyük nümayəndə heyəti vaxtilə özlərinin qəbul etdiyi qətnamələrin bəzi bəndlərinin yanlış olduğu barədə fikirlərini səsləndirdilər.
Ölkə prezidenti İlham Əliyevlə görüş zamanı onlar yanlış qətnamələrlə bağlı etiraf etdilər. Bundan sonra Azərbaycan Milli Məclisi məsələyə yenidən baxaraq münasibətləri bərpa etmək istiqamətində addımlar atdı. İlk addım ondan ibarətdir ki, Azərbaycan parlamenti nəzdində Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsi yarandı. Komitə artıq Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrin tənzimlənməsində öz rolunu oynamağa başlayır. Hesab edirəm ki, bu komitənin səyləri əlaqələrimizi yeni səviyyəyə qaldıra biləcək.
-Ölkədə post-neft dövründə qeyri-neft sektorunun, sənaye sahəsinin inkişafı üçün həyata keçirilməsi nəzərdə tutulan müxtəlif planlar açıqlanıb. Dərman istehsalına başlanacağı anonsu da verilib. Sizcə, Azərbaycanda istehsal olunacaq dərman preparatları daxili bazarı təmin etməklə yanaşı xarici bazarın diqqətini cəlb edə biləcəkmi?
-Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına çoxdan başlanılıb, ölkənin müxtəlif bölgələrində ayrı-ayrı istehsal sahələri yaradılıb. Neft və enerji resurslarının qiymətinin aşağı düşməsi bu prosesi bir az da sürətləndirdi. Ölkə başçısının Azərbaycanın iqtisadi inkişafı ilə bağlı keçirdiyi müşavirələrdə söylədiyi kimi, artıq bütün bölgələrdə sənaye zonalarının yaradılması kimi çox maraqlı və mütərəqqi layihə ortaya qoyulub və icra olunmağa başlanılıb. Onlarla müəssisə, fabrik və zavodlar tikilməkdədir, bəziləri artıq fəaliyyətə başlayıb. Bu istiqamətdə təşviqat işləri, investisiyaların Azərbaycana cəlb olunması, sənaye zonalarının genişləndirilməsi prosesi davam edir. Bu, iqtisadiyyatın neftdən asılılığını kəskin surətdə azaldacaq və eyni zamanda çoxsaylı iş yerlərinin açılmasına şərait yaradacaq.
Ən önəmlisi son nəticədir, Azərbaycanda istehlak olunan məhsulların əksəriyyəti artıq ölkəmizdə istehsal ediləcək. Bu da öz növbəsində valyutamızın möhkəmlənməsinə, manatın dəyərinin artmasına səbəb olacaq. Son iki ildə baş verən devalvasiyalar insanları müəyyən qədər narahat etdi. Bu da təbiidir. Lakin iqtisadiyyatın qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi prosesi gələcəkdə bu cür halların qarşısını qətiyyətlə alacaq. Çünki yerli istehsalın həcmi nə qədər çox artarsa, ölkədə valyutaya ehtiyac o qədər azalmış olar. Öz vətəndaşlarının istehlak həcmini ödəməklə yanaşı, eyni zamanda ölkədən xarici bazarlara istehlak malları ixrac edilirsə, o zaman ölkəyə valyuta daxil olması də artmış olur. Nəticədə bütövlükdə cəmiyyətin rifah səviyyəsi yüksəlir, büdcə daha çox vəsait əldə edir. Bütün bu proseslər iqtisadi qanunauyğunluqlar əsasında aparılır. Şüarçılıqla, populist bəyanatlarla heç bir şey etmək olmaz. Real iş məhz yeni istehsal sahələrinin yaradılması ilə bağlıdır. O proseslər də hazırda uğurla həyata keçirilir.
Bu kontekstdə dərman istehsalı da Azərbaycan üçün zəruri sahələrdən biridir. Bu vaxtadək ölkəmizdə istifadə olunan dərman preparatlarının demək olar ki, yüz faizi idxal olunur. Lakin dünyanın ayrı-ayrı ölkələrində müxtəlif proseslər baş verir. Bəzi yerlərdə iqtisadi böhran, bəzilərində iqtisadi yüksəlişdir. Bizim idxal etdiyimiz dərman preparatlarının qiyməti qeyri-sabit olur. Dünya ölkələrindəki bahalaşma və ucuzlaşma ziqzaqları keyfiyyətin aşağı düşməsi və ya yuxarı qalxması ilə də müşayiət olunur. Daha sabit qiymətə və keyfiyyətə malik olan dərman preparatları əldə etmək üçün ölkə daxilində dərman preparatlarının bir qisminin istehsalını təşkil etmək daha məqsədəuyğun görünür.
Hökumət bu barədə kifayət qədər təşviqat işləri apararaq bu sahəyə xaricdən investisiya cəlb edə bildi və hazırda Pirallahı qəsəbəsində özülü qoyulmuş və özülü qoyulması planlaşdırılan layihələr var. Bu layihələr başa çatandan sonra hazırda idxal olunan dərman preparatlarının bir qismi Azərbaycanda istehsal olunacaq. Əlbəttə, söhbət generik dərman preparatlarından gedir. Onların patent müddəti bitdiyindən istənilən ölkədə istehsal etmək mümkündür. Həmin molekula malik dərman preparatları Azərbaycanda istehsal ediləcək.
Əczaçılıq elmi və sənayesi dünyada sürətlə inkişaf edir. Bununla belə xaricdə istehsal olunan və yüksək standartlara cavab verən keyfiyyətli dərman preparatlarının idxalı da davam edəcək. Bir neçə istehsal sahəsinin yaradılması ilə dərman preparatlarına olan ehtiyacı yüz faiz qarşılamaq mümkün deyil.
-Dərmanların ayrı-ayrı apteklərdə müxtəlif qiymətlərə satılması halları zaman-zaman narahatlıqla dilə gətirilir. Deputat həmkarlarınız da parlament tribunasından bu məsələni səsləndirib. Apteklərdəki qiymət fərqi nədən qaynaqlanır?
-Bu məsələyə iki aspektdə baxmaq lazımdır. Dərman preparatları başqa məhsullar kimi deyil, qiymət dövlət tərəfindən tənzimlənir və tənzimlənmə prosesi artıq başa çatıb. Eyni dərman preparatının fərqli apteklərdə müxtəlif qiymətə satılması iddiası yalandır. Azərbaycanda belə bir şey yoxdur. Qiymətlər bütün apteklərdə eynidir. Eyni zamanda bir qrup dərman preparatları və ya tibbi vasitələr var ki, onların qiyməti artıq bazar münasibətləri, tələb-təklif əsasında formalaşır. Tarif Şurası tərəfindən qiyməti tənzimlənən 10 min ada yaxın dərman preparatı var, bütün apteklərdə eyni qiymətə satılır. Bu günə qədər ayrı-ayrı saytlarda gedən anonim yazılardan başqa bir fakt belə aşkar edilməyib ki, hansısa dərmanın qiyməti ayrı-ayrı apteklərdə müxtəlifdir.
Reallıq ondan ibarətdir ki, qiymətlər tənzimlənib və tənzimlənmiş qiymətlərdə heç bir fərqlilik müşahidə olunmur. Çünki buna eyni zamanda nəzarət edən bir sıra dövlət qurumu var. Dövlət qurumlarına qiymət fərqliliyi ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb və təftişlə məşğul olan qurumlar belə bir hal aşkar etməyiblər. İnanmıram ki, qiymətlərin bu qədər açıq şəkildə tənzimləndiyi bir zamanda hansısa aptek həmin qiymətlərdən kənara çıxıb məhsul satmağa cürət eləsin. Bu, böyük həcmli cərimələrlə, hətta məsuliyyətlə cəlb olunmaqla nəticələnə bilər.
-Dolların məzənnəsinin dəyişməsi ilə dərman preparatlarının qiyməti qalxdı, ABŞ valyutası manata nisbətən aşağı düşəndə isə qiymətlərdə enmələr müşahidə olunmadı. Bu, nədən irəli gəlir?
-Qiymətin aşağı düşüb yuxarı qalması təbii haldır. Qiymət aşağı düşmürsə, deməli, həmin məhsul ölkədə bol deyil, rəqabət və malın bazardakı həcmi azdır, o, bazara daha çox çıxmalıdır. İnsanların istehlak etdiyi bütün məhsulları dövlət tənzimləyə bilməz. Elədə Sovet İttifaqı olar, SSRİ-nin də aqibəti hamıya məlumdur. Biz sərbəst bazar iqtisadiyyatı rejimində işləyirik. Ona görə də qiymətləri əsasən bazar özü müəyyən edir. Məhsulların bolluğu daha çox təmin olunarsa, rəqabət mühiti nə qədər geniş olursa, qiymətlər aşağı düşəcək. Ölkə içində hər hansı məhsul qıtlığı varsa, mütləq qiymət qalxır. Hər bir məhsulu ayrı-ayrılıqda analiz etmək – məsələn, məhsul dünən bu qiymətə idi, bu gün niyə qalxdı və ya düşdü müqayisəsini aparmaq –mümkün deyil.
Bu gün dünyada bəlli iqtisadi qanunauyğunluqlar var. Bizim iqtisadiyyat da o qanunauyğunluqlardan kənar fəaliyyət göstərə bilməz. Ticarət də elədir. Ticarət iqtisadiyyatın daxili komponenti olduğundan iqtisadi qanunauyğunluqlar əsasında fəaliyyət göstərir. Hansısa məhsulun qiymətini güclə hər hansı həddə saxlamaq mümkün deyil. Yeganə həll yolu onun bolluğunu yaratmaqdır. Müxtəlif istiqamət və mənbələrdən satışa daxil olan eyni tərkibli və təyinatlı mal nə qədər çox olarsa, qiymət o qədər aşağı düşər.
Dolların manata nisbətinin dəyişməsi ilə bağlı bazarda məhsulların qiymətinin qalxıb-enməsi təbiidir. Xaricdən idxal olunan mallar xarici valyuta ilə alınır, belə olan halda idxalçı məhsulu baha qiymətə alıb aldığından ucuz sata bilməz. O zaman ölkədə ticarətlə məşğul olan yüz minlərlə hüquqi şəxs müflis olar. Bu, təsəvvür olunan şey deyil. Yüz minlərlə hüquqi şəxsin müflis olması bütün gəlirlərin itməsinə, insanların ziyan çəkməsinə gətirib çıxara bilər. Jurnalistlər bu məsələləri araşdıranda iqtisadi qanunauyğunluqları da nəzərə almalıdırlar.
-Azərbaycana sifariş edilən dərmanlara vurulan qatqıların aşağı doza ilə daha ucuz qiymətə başa gəldiyi ilə bağlı bir müddət öncə geniş müzakirələr başlamışdı. Həkimlərdən biri iddia edirdi ki, Azərbaycanda alıcılıq qabiliyyətinə görə sifarişçi şirkət dərman preparatlarını aşağı keyfiyyətlə ucuz qiymətə sifariş edir. Belə şey mümkündürmü?
-Bu məsələ ilə bağlı iki şeyi fərqləndirmək lazımdır. Orijinal dərman preparatlarının molekulunu tapan, onu ixtira edən müəllif var, həmin müəllif hüquqi şəxs də, hər hansı alim də ola bilər, həmin dərman preparatı ancaq müəllifin icazəsi ilə müqavilə bağladığı əczaçılıq müəssisəsində istehsal oluna bilər. Lakin onların 20 illik patent dövrü var, 20 ildən sonra həmin dərmanın molekulu bütün istehsalçılar üçün açılır və dərmanın tərkibi bütün istehsalçılara məlum olur. O zaman dünyadakı digər istehsalçılar da həmin tərkiblə dərman preparatı istehsal edə bilərlər. Bu, beynəlxalq qanunla icazə verilən səlahiyyətdir.
Patent dövründən sonra istehsal olunan məhsullar generik məhsullar adlanır. Yəni orijinaldan sonra o, təkrarlanır, bir növ surəti olur. Lakin generik məhsulların keyfiyyətinə də xüsusi tələblər var. Hər bir generik məhsulun keyfiyyəti orijinal məhsulun keyfiyyətinin 80 faizindən aşağı ola bilməz. Dünyanın hansı ölkəsində istehsal olunmasından asılı olmayaraq generik məhsulun istehsalı zamanı bu kriteriyaya mütləq cavab verilməlidir. Bir sıra ölkələr, xüsusilə Afrika və ya geridə qalmış ölkələr daha çox generik məhsul almağa üstünlük verirlər. Çünki artıq onun patent dövrü çıxdığından dünyada hamı onu istehsal edir, daha çox istehsal olunduğu üçün də qiymət aşağı olur. Lakin bu, heç də keyfiyyətin aşağı düşməsi demək deyil. Keyfiyyət yenə də orijinal məhsulun 80 faizinə bərabər olur.
Sensasion fakt kimi qələmə verirlər ki, Azərbaycanda hansısa şirkət istehsalçıya tərkibinin dəyişdirilməsi ilə dərmanın ucuz başa gəlməsinə çalışır. Bu, nəzəri cəhətdən mümkün olsa də, praktik cəhətdən mümkünsüzdür. Birincisi, heç bir ciddi istehsalçı belə təklifi qəbul etməz. Çünki istehsalçı istehsal etdiyi məhsulun nəticələrinə görə məsuliyyət daşıyır. Əgər həmin dərman preparatı deyildiyi kimi dəfələrlə onun tərkibi azaldılaraq ölkəyə idxal olunarsa və onunla müalicə alan xəstə ondan fayda görməzsə, o zaman idxalçıdan tutmuş istehsalçıya qədər hamı məsuliyyət daşıyır.
Hesab edirəm ki, ciddi istehsalçılar belə təkliflə heç vaxt razılaşmaz. Qeyri-ciddi istehsalçılar bu işi görərsə və fakt aşkarlanarsa, bu, cinayət məsuliyyəti yaradır. Dünyanın harasında istehsal olunmasından asılı olmayaraq ölkəyə idxal olunan bütün dərman preparatları Səhiyyə Nazirliyinin nəzdindəki xüsusi laboratoriyadan keçir. Nümunələr laboratoriyada yoxlandıqdan sonra Səhiyyə Nazirliyi həmin məhsula müvafiq sertifikat verir. Yalnız bundan sonra məhsul gömrük prosedurunu keçir və satışa çıxarılır. Əgər ölkə daxilində belə hal varsa, bunu araşdırmaq heç də problem deyil. Həmin məhsulu laboratoriyaya təqdim edib təkrar yoxlatmaq olar. Belə bir hal varsa, müvafiq orqanlar bununla maraqlanmalı və saxtakarlığın izini tapmalıdır.
Amma təəssüf ki, belə iddialar şifahi şəkildə deyilir, bəzən mediada yazılır, amma ortada fakt yoxdur, hər hansı laboratoriya belə faktı təsdiqləməlidir. Əks təqdirdə heç bir şirkətə qarşı hər hansı yoxlama, təqib hərəkəti başlamaq mümkün deyil.
-İnsanlar tez-tez indiki iynə-dərmanın faydasının olmadığını deyirlər. Doğrudanmı dərmanlarda keyfiyyət dəyişikliyi olub?
-Bunun da səbəbləri var. Birincisi, bəlkə doğrudan da belə şey var ki, yol verildiyindən daha aşağı keyfiyyətli məhsul istehsal olunur və ya gətirilir, müvafiq qurumlar tərəfindən bunu heç kim görə bilmir.
-Belə şeyi mümkün sayırsınız?
-Bunu ehtimal kimi irəli sürürəm. İkinci versiya daha çox realdır, insanların psixoloji münasibətindən çox şey asılıdır. Ölkələrin çoxunda vətəndaş belə fikirləşir ki, onun öz ölkəsində istehsal olunan məhsul xarici ölkədən istehsal olunan məhsuldan keyfiyyətsizdir. Tibdə inandırma üsulu ilə müalicə də mövcuddur. Bəzi eksperimentlər aparanda eyni diaqnozla müalicə olunan xəstənin birinə içərisində kimyəvi tərkibi olan dərman verilir, digər xəstəyə kimyəvi tərkibsiz , diaqnoza aidiyyəti olmayan dərman preparatına bənzər ziyansız maddə olan plasebo verilir. Bəzi hallarda içərisində təsir göstərici maddə olmayan plasebonu qəbul etmiş pasiyentlərin bir qismi sağalır. Bu, psixoloji qavrayışın nəticəsidir.
İnsanlar psixoloji olaraq düşünürlər ki, dərman preparatını Almaniya və ya Amerikadan alırsa, daha güclü, eyni preparatı Azərbaycandan alırsa, daha az təsir edir. Əvvəlki fəaliyyətimlə bağlı Avropanın bir sıra tanınmış əczaçılıq müəssisələrində olmuşam. Orada eyni istehsal xəttində, eyni dəzgahlarda dərman preparatı istehsal olunur. Həmin flakonlar, kapsullar, tabletlər ancaq qablaşma yerinə çatanda bölünür. Məsələn, gürcü dilindəki qutular Gürcüstana, Azərbaycan dilindəkilər Azərbaycana göndərilir. Dərman preparatı bir yerdə istehsal olunur, mümkün deyil ki, eyni preparat Almaniyada bir cür, Azərbaycanda başqa cür təsir göstərsin. Bu, bizim illüzionist qavrayışımızın nəticəsidir.
-Bəs qablaşmadan sonra bölgü aparılanda istehsalçı müəssisə qiymətləri ölkələrin bazarına uyğun müəyyənləşdirir?
-Bəli, qiymətlər eyni istehsalçı tərəfindən müxtəlif bazarlara fərqli qiymətlərlə verilə bilər. Bu, bir çox faktorlardan asılıdır. Bəzi ölkələr var ki, orada pasiyent dərman preparatlarına heç bir vəsait xərcləmir, xərclər hökumət və ya sığorta şirkətləri tərəfindən qarşılanır. Bəzi ölkələr var ki, orada dərmanları insanla özləri alır. Bəzilərində isə qismən insanların özləri alır və ya xərcin digər hissəsi sığorta şirkətləri və hökumət tərəfindən qarşılanır.
Bu situasiyalardan asılı olaraq istehsalçı müəssisə eyni məhsulu ayrı-ayrı ölkələrə müxtəlif qiymətə satır. Avropada vətəndaşın orta aylıq gəliri ilə Azərbaycan və ya Rusiyadakı vətəndaşın orta aylıq əmək haqqı eyni deyil. İstehsalçı müəssisə maraqlarına uyğun bu məqamı da nəzərə alır.
-Ötən həftə “Avromed” şirkətindən tamamilə ayrıldığınız, səhmləri satdığınızla bağlı məlumat yayılmışdı. Bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur?
-Bu informasiya tamamilə düzgündür. Mən 2002-ci ildən 2010-cu ilədək “Avromed” şirkətinin həmtəsisçisi olmuşam və şirkəti idarə etmişəm. 2010-cu il parlament seçkilərindən sonra idarəçilikdən imtina etmişdim, çünki qanun bunu tələb edirdi. Ancaq Azərbaycan qanunvericiliyə görə, hər bir deputat təsisçilik hüququnu özündə saxlaya bilər. Ona görə də birinci 5 il müddətində təsisçilik hüququnu saxlayırdım, lakin “Avromed” şirkətinin idarəçiliyində iştirak etmirdim. Burada qanunazidd heç bir şey yoxdur.
2015-ci ildə növbəti parlament seçkilərindən sonra “Avromed”də təsisçilik hüququndan da imtina etmək qərarına gəldim. Sırf şəxsi qənaətim nəticəsində belə qərar verdim. Elə hesab edirəm ki, doğru qərar qəbul etmişəm. Bu şəxsi informasiya olduğu üçün mətbuata açıqlamağa ehtiyac görməmişdim. 2015-ci il seçkilərindən dərhal sonra öz səhmlərimdən imtina etdim. Bir ilə yaxın keçəndən sonra mətbuat bundan xəbər tutub və bu barədə informasiya yayımlanıb. Birinci mətbuat nümayəndəsisiniz ki, bu haqda soruşursunuz, ilk dəfədir özüm cavablayıram.
-Başqa sferada çalışmağı qərarlaşdırmısınız?
-Artıq başqa sferadayam. Bir zaman pedaqoji fəaliyyətlə məşğul olmuşam, daha sonra biznesə başladım, biznesdə ola-ola pedaqoji fəaliyyətə qayıtmağı düzgün hesab eləmədim. Çünki görülən hər bir işin öz məsuliyyəti var və işi lazımi səviyyədə qurmaq üçün gərək adam bir işdən yapışsın, bütün gücünü həmin işə qoysun. Siyasət sahəsində özümü sınadım, seçicilər mənə növbəti dəfə etimad göstərdi, bu sahədə işimi davam etdirmək barədə məndə əminlik yarandı və qərara gəldim ki, bizneslə vidalaşmalıyam. Həyatımda biznesə ayırdığım vaxt başa çatıb.
Biznesdən heç bir məyusluq hissi keçirmədən ayrıldım. Biznes sözünün hərfi mənası işdir. Əslində elə siyasət də işdir. Biz hansı işlə məşğul oluruqsa, əgər o işi tələb olunan səviyyədə, keyfiyyətli şəkildə görmək istəyiriksə, uğura çatmağı düşünürüksə, özümüzü bir çox istiqamətlərdə əldən salmamalıyıq. Bütün gücümüzü səfərbər etməli, uğur qazanmaq istədiyimiz istiqamətə yönəltməliyik. Mən də bütün gücümü məhz siyasi fəaliyyətə yönəltməyi qərara aldım.
-Son günlərin sosial şəbəkədə əsas müzakirə mövzusu həmkarınız Vahid Əhmədovun deputat maaşının kifayət eləmədiyi barədə fikirləri ilə bağlıdır. Düzdür, vəzifədə olan şəxsin və ya deputatın tələb və xərcləri də fərqli olur, çevrəniz, qatıldığınız xeyir-şər məclislərinin əhatəsi daha böyükdür və sair. Sizi deputat maaşı qane edirmi?
-Dünyada elə adam yoxdur ki, maaşından razı olduğunu desin. İnsan xisləti belədir ki, nə qədər çox qazanırsa, daha çox xərcləyir. İnsan öz reqlamentini özü təyin eləməlidir. Mən eşidəndə ki, kimsə min manat maaş alır və həyat tərzindən narazıdır, fikirləşirəm ki, günah onun özündədir. Çünki biz ətrafımıza baxmalıyıq, təqaüdçü 200 manata yaşaya bilirsə, biz min manata niyə yaşaya bilməməliyik? Təqaüdçü 200 manat çərçivəsində öz həyatını qura bilibsə, mən min manatla həyatımı qura bilmirəmsə, deməli, nəyisə səhv edirəm. Adam öz xərclərini və tələblərini imkanına uyğunlaşdırmalıdır. Burada başqa izah görmürəm.
Mənə müraciət edən seçicilər arasında da müxtəlif hallarla qarşılaşıram. Eləsi var, ayda onun ailəsinə 2 min manat vəsait daxil olur, ailədə 3 nəfər işləyir, ancaq banklara 50-100 min manat civarında kredit borcu var. Yaxud 4 nəfərlik ailə qoca valideynin pensiyası ilə yaşayır, kreditləri yoxdur, ailə üzvləri talelərindən razı olmasalar da, heç o qədər narazı da deyillər. Müqayisə edəndə görürsən ki, məsələ pulun həcmində deyil, insanın öz həyatını idarə etmək bacarığındadır. Biz heç cür iddia edə bilmərik ki, hamı eyni qədər maaş alsın, minimum maaş iki min manat olsun. Bu, mümkün deyil. Kimsə 50 manatlıq deyil, 500 manatlıq ayaqqabı geyinmək istəyirsə, artıq bu, insanın öz seçimidir. Maaşının yarısını ayaqqabıya vermək də insanın seçiminə bağlıdır...
Nərgiz Ehlamqızı
Foto: Elçin Murad