Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin sədri olduğu Milli Hərəkat Partiyasında parçalanma baş verib.
Bu haqda Teleqraf.com-a partiyanın Marneuli təşkilatının sədri Əhməd İmamquliyev məlumat verib.
İmamquliyev deyib ki, parçalanmaya partiya daxilində olan fikir ayrılıqları səbəb olub. Onun sözlərinə görə, özü də daxil olmaqla Milli Hərəkat Partiyasının böyük çoxluğu Avropalı Gürcüstan Partiyası qurmağa qərar verib: “Milli Hərəkat Partiyasının parlamentdə 27 deputatı var. Deputatların 21-i bizimlə birgə addımlayır. Yaxın günlərdə yeni partiyanın qurultayını keçirəcəyik”.
Əhməd İmamquliyev əlavə edib ki, onların Milli Hərəkat Partiyasından ayrılmasına səbəb Mixail Saakaşvili ilə aralarında yaranan fikir ayrılıqları olub: “Saakaşvili deputatların parlamentə getməsinə qarşı idi. Eləcə də təkrar parlament seçkilərində iştiraka müsbət baxmırdı. Həmçinin bu il keçiriləcək bələdiyyə seçkilərində də iştirakda maraqlı deyildi. Biz isə hesab edirdik ki, parlamentə getmək, təkrar seçkilərdə iştirak etmək lazımdır. Bunlar baş verdikdən sonra partiyada bizi "satqın" adlandırmağa başladılar. Nəhayət, biz də belə qərar verdik”.
Cavad