“Çoxəsrlik tarixə, zəngin mədəniyyətə malik Gəncə bəşəriyyətə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və neçə-neçə tarixi şəxsiyyətlər bəxş edib. Bu şəhər nəinki MDB-nin Mədəniyyət Paytaxtı olmağa, daha böyük titullar daşımağa layiqdir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri 2017-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin açılış mərasimində çıxışı zamanı MDB üzvü olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
Açılış mərasiminin Gəncədəki Heydər Əliyev Mərkəzində keçirilməsinin rəmzi məna daşıdığını vurğulayan Mixail Şvıdkoy bildirib ki, bu böyük və möhtəşəm park kompleksi, əzəmətli mərkəz gəncəlilərin elmə, mədəniyyətə bağlılğının parlaq nümunəsidir.
“Ötən əsrin 20-ci illərindən başlayaraq iqtisadiyyatda dağ-mədən, metallurgiya, maşınqayırma, yeyinti və yüngül sənayenin ayrı-ayrı sahələri ilə tanınan Gəncə keçmiş ittifaq şəhərləri arasında böyük nüfuza malik olub. Gəncənin ən böyük uğurları Heydər Əliyevin Azərbaycanda birinci katib olduğu dövrlərə təsadüf edib. Məhz həmin vaxtlarda şəhərdə iri istehsal müəssisələri fəaliyyətə başlayıb, yeni-yeni yaşayış massivləri salınıb, bir sıra mədəniyyət mərkəzləri istifadəyə verilib.
Həmçinin şəhərin elm-təhsil müəssisələrində SSRİ miqyasında böyük nüfuza malik görkəmli alimlər yetişib”.