Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli ABŞ Dövlət Departamentini aprelin 9-da Gürcüstanın separatçı Cənubi Osetiya regionunda keçiriləcək “prezident seçkiləri” və addəyişmə “referendumu” barədə bəyanatına görə sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, Erkin Qədirli Dövlət Departamentinin son bəyanatına sosial şəbəkədə etiraz edib: "ABŞ Dövlət Departamenti (bəyanatın adına baxın!) Gürcüstanın işğal olunmuş ərazilərində seçkilərin və referendumun keçirilməsinə dair bəyanat yayıb. Bəyanatda bu seçkilərin və referendumların legitim olmadığı, Gürcüstan hökumətinin razılığı olmadan keçirildiyi, Abxaziya və Cənubi Osetiya bölgələrinin Gürcüstanın ayrılmaz hissəsi olduğu vurğulanır. Çox gözəl və çox doğru. Amma...! Bizə gələndə, belə demirlər. Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu söyləmirlər. Sadəcə Dağlıq Qarabağın müstəqilliyini tanımadıqlırını deyirlər ki, bu da yetərli deyil. Bu gün tanımırlar, sabah tanımayacaqlarına zəmanət varmı? Bircə dəfə olsun tanımayacaqlarına dair öhdəlik götürdülərmi? Yox! Əksinə, Dağlıq Qarabağın gələcək statusuyla bağlı danışıqların önəmini vurğulayırlar. Nə danışıq? Hər şey aydın deyilmi? Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu aydın ifadə etsinlər, sonra nə haqda istəsələr, oturaq danışaq".
Onun fikrincə, status Azərbaycanın tərkibində olmalıdır: "Bunu isə Minsk Qrupunun həmsədrlərindən heç biri demir. Problemin kökü buradadır".
Nərgiz