18 Aprel 2017 14:07
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Maştağa qəsəbəsindəki məktəblərin birində zəhərlənmə qeydə alınmışdı.

10 məktəbli təcili yardım və valideynlərinin köməyi ilə xəstəxanalara yerləşdirilmişdi. Məktəblilərin və valideynlərin bildirdiklərinə görə, uşaqlardan birinin ad günü münasibətilə alınan pirojna sinifdə paylanmış, nəticədə şirniyyatdan qida zəhərlənməsi qeydə alınmışdı.

Hadisə məktəb bufetlərindəki vəziyyəti gündəmə gətirib.

Qidalanma üzrə dövlət standartına əsasən təhsil müəssisələrinin bufetlərində bəzi qidalar, o cümlədən saqqız, cipsi, qazlaşdırılmış içkilərin satışına qadağa qoyulub. Standartlara əməl etməyən təhsil müəssisələrinə isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən cəzalandırma tədbiri görülür.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) Teleqraf.com-a verilən məlumata görə, mərkəz ötən il 25 məktəbdə sağlam qidalanma, gündəlik qida norması ilə bağlı monitorinq keçirib: “Proses 2004 şagirdi,1500 valideyni və 500 müəllimi sorğuya cəlb edib. Sorğu nəticəsində məlum olub ki, şagirdlərin 48 faizi sağlam qidanın nə olduğunu bilir. Onlar bununla bağlı məlumatları daha çox öz müəllimlərdən öyrəndiklərini qeyd ediblər. Lakin şagirdlərin qida seçiminə təsir edən məhz valideynlərdir. Uşaq sağlamlığı üçün vacib olan süd məhsullarının satışına yalnız bir məktəbdə rast gəlinib, 13 məktəbdə isə soyuducu olmadığından süd və digər məhsulların saxlanmasına problemlər olduğu aydınlaşıb. Sorğu nəticəsində o da məlum olub ki, məktəblərdə tənəffüs vaxtı az olduğundan şagirdlər sinif otağında yeməyə məcbur olur. Uşaqlar yuxudan gec oyandığı üçün 48 faiz şagird səhər yeməklərini şirniyyatla əvəz edir və bunu yolda yeyir. Bu da sağlamlığa və biliyin qavranılmasına öz mənfi təsirini göstərir. Sorğu zamanı maraqlı nəticələr əldə olunub, hesabat hazırlanıb. Mərkəz Təhsil Nazirliyi ilə bu istiqamətdəki fəaliyyətini gələcəkdə də davam etdirəcək”.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu sahədə tam qapalı vəziyyətin hökm sürdüyünü deyib. Ekspertin sözlərinə görə, çox vaxt məktəbin bufetlərinədə nə gəldi, necə gəldi satılmasına razılıq verirlər: “Vaxtı keçmiş, təhlükəli məhsulların məktəb, bağça bufetlərinə gedib çıxması da istisna olunmur. Qida təhlükəsizliyi haqqında qanun yoxdur. Baxmayaraq ki, iki il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetlərinin standartını hazırlayıb. Standartda energetik içkilərin, kolbasaların, eyni yağda bir neçə dəfə qızardılmış ət, xəmir və sair məhsullarının satışına qadağa qoyub. Lakin bu standartlara riayət olunmur”.

Bufetlərdəki məhsulların əksəriyyətinin mənşəyini bildirən sənədlərin olmadığını deyən Eyyub Hüseynov üstəlik, ərzaqların saxlanma şəraitinə də əməl olunmadığını qeyd edib: “Amma bu ilin fevral ayında Prezident İlham Əliyev Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılması haqqında sərəncam imzaladı. Bu addımdan sonra vəziyyət yaxşılaşacaq”.

Şəfiqə


Müəllif:

Oxşar xəbərlər