13 yaşlı Ofeliya Quliyevanın və anasının zorla deportasiyası Almaniyada qalmaqala və kütləvi etirazlara səbəb olub. Azərbaycanlı qızcığazın və onun ailəsinin başına gələnləri onlarla alman nəşri yayımlayıb.
Quliyevlər ailəsi 8 il Yuxarı Frankoniya torpağının Kulmbax şəhərində yaşayıb. Ailə alman cəmiyyətinə uğurla inteqrasiya olunub və heç bir dil problemi olmayıb. Lakin bu qədər vaxtda ailəyə ölkədə yaşayış hüququ verilməyib.
Almaniya KİV-ləri yazır ki, Ofeliya Quliyevanın və ailəsinin deportasiyası nonsensdir. Onların polisin və xüsusi orqanların müşayiəti ilə gecə vaxtı deportasiya olunmaları azmış kimi, ailəni həm də parçalayıblar. Belə ki, Ofeliyanın kiçik qardaşı Sahib atası ilə birlikdə Almaniyada qalıb. Yerli hakimiyyət nümayəndələrinin sözlərinə inansaq, onları da yaxın zamanda deportasoya gözləyir.
Quliyevlər ailəsinin əhvalatını “faciəvi” hesab etmiş alman ictimaiyyəti dərhal qızın və anasının müdafiəsinə qalxıb.
Yerli sakin Keyt D. deyir: “Gecə yarısı deportasiya etmək vacib idimi? Bu təcrübəyə son qoymaq lazımdır. Oğlumun sinif yoldaşını da gecə yarısı zorla deportasiya ediblər. O, hələ də dostunu itirdiyinə görə özünə gələ bilmir”.
Kulmbaxın digər sakini Renger B. də onunla razılaşır: “Ailəni parçalamaq insanlıqdan kənardır. Daha dolğun araşdırma aparmaq lazım idi”.
Tereziya K.-nın sözlərinə görə, Almaniyadan qaçqınların deportasiyası qaydalarına yenidən baxılmalıdır: “Ağır cinayətlər törətmiş insanlar məhkəmə araşdırması aparılmadan deportasiya edilməlidir. Digər tərəfdən, Ofeliyanın ailəsi kimi ailələr alman cəmiyyətinə uğurla inteqrasiya olunublar və hakimiyyət güzəştə getməlidir ki, onlar ölkədə qala bilsin”.
Özlərinə bəraət qazandırmaq xatirinə yerli hakimiyyət nümayəndələri bildirirlər ki, Ofeliyanın anası sosial orqanlara yalan məlumat verib. O ki qaldı gecə vaxtı deportasiya qaydasına, bunu təhlükəsizlik məqsədilə, etirazların qarşısının alınması üçün edirlər.
Yerli Zamirçor xoru da Ofeliyanın müdafiəsinə qalxıb. Sən demə, qızın fitri istedadı var və o, bu xorda iştirak edir. Kollektiv artıq “Ofeliyamızı qaytarma istəyirik!” kampaniyası çərçivəsində imza toplayır. “Ofeliya çox istedadlıdır və bizim üçün, xor üçün darıxır”, - xorun rəhbəri Barbara Bayer deyir.