2 Mart 2018 12:10
7 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:15

Bakıda güclü yanğın baş verib.

FHN-dən Teleqraf.com-a verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Əlavə məlumat veriləcək.

***

08:34

Səhiyyə Nazirliyindən Teleqraf.com-a bildirilib ki, yanğın zamanı 30-dan artıq xəstə təxliyə edilib. Yanğın zamanı 3 nəfər xəsarət alaraq, xəstəxanalara yerləşdiriliblər. 10-dək təcili tibbi yardım briqadası hadisə yerinə cəlb edilib.

***

08:50

Teleqraf.com-un əldə etdiyi məlumata görə, mərkəzdə baş vermiş yanğın zamanı 1 nəfər ölüb.

***

08:59

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğınsöndürmə işləri davam edir.

Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, saat 08:18-də yanğın məhdudlaşdırılıb.

Yanğının yayılma təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

***

09:11

Respublika Narkoloji Mərkəzində xəsarət alan 1962-ci il təvəllüdlü Əliyev Mahir 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, xəstə sol saidin kəsilmiş yarası ilə xəstəxanaya daxil olub: "Yanıq xəsarəti yoxdur".

Bu arada, Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov da hadisə yerindədirlər.

***

09:32

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.​

***

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərə yaxın şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.

***

10:40

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı zəhərlənmiş şəxslər bu gün səhər saat 07:10, 07:18 və 08:48 radələrində bizim şöbəyə təcili yardım maşınlarında gətirilib.

Bunu Teleqraf.com-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, xəstələr 48 yaşlı Vüqar Kərimov, 35 yaşlı Kamal Nadirov və 35 yaşlı Rafiq Qafarovdur: "Hər 3 xəstənin vəziyyəti kafidir. Onların üçündə də yüngül dərəcəli tüstüdən zəhərlənmə olub. Xəstələrə ilkin tibbi yardım göstərilib və evə buraxılıb".

***

11:03

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) heç kəs buraxılmır.

Bildirilib ki, Birliyə 24 nəfərin meyiti gətirilib.

Baş Prokurorluğun yüksək vəzifəli şəxsləri Birliyə baş çəkib. “Morq”un qarşısında polis postu qurulub, əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, “morq”a gətirilən meyitlər tanınmaz halda olduğundan, hələ ki, ölənlərin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil.

***

Səhiyyə Naziriyi yanğın barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

***

Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda bu gün səhər baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 43 maşını və 160 nəfər şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlər 7 dəqiqəyə hadisə yerinə çatıb.

Saat 06.10-da başlayan yanğın 08.30-da tam söndürülüb.

31 nəfər yanğından xilas edilib, 25 nəfər ölüb.


Müəllif: İlhamə

Oxşar xəbərlər