14 Avqust 2014 14:12
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gülağa Aslanlı “Yeni Müsavat” qəzetində mənimlə bağlı verdiyi açıqlamada bildirib ki, kiminsə diktəsi ilə yazılan bəyanata münasibət bildirmək niyyətində deyil. Guya mən sosial şəbəkədə bəyanat yazanda bunu kiminsə diktəsi ilə etmişəm. Mən bu fikri rədd edirəm. Hesab edirəm ki, Gülağa Aslanlı çox səhv düşünür”.

Bunu Müsavat Partiyasında fəaliyyətini dayandıran İsa Qəmbərin sabiq müşaviri Hüseyn Məlik deyib. O, Gülağa Aslanlının bu mövqeyini sərt şəkildə tənqid edib: “Gülağa Aslanlıya demək istəyirəm ki, mən Hüseyn Məlik 1988-ci ildən bu yana siyasətin içindəyəm, xalq hərəkatında fəal iştirak etmişəm. Ən əsası isə budur ki, mən hər zaman özümü ifadə etmişəm, kiminsə diktəsi ilə hərəkət etməmişəm, yazı yazmamışam. Ancaq Gülağa Aslanlıya acıyıram ki, kiminsə diktəsi ilə hər zaman mövqe ifadə edib. Mənim ona yazığım gəlir. Hesab edirəm ki, bu fikirlərimdən Gülağa Aslanlı nəticə çıxarmalıdır. Çünki siyasətlə məşğul olan şəxsin özünün fikri və iradəsi olmalıdır”.

Hüseyn Məlik müşavir vəzifəsindən azad edildikdən sonra səsləndirilən fikirləri də şərh edib. Deyib ki, Müsavat Partiyası sıralarında fəaliyyətini dayandırmaq haqda qərarını avqustun 11-də verib: “Elə sosial şəbəkədə də bəyanatımı avqustun 11-də yazmışam. Gülağa Aslanlı isə iddia edib ki, mən bəyanatı avqustun 12-də vermişəm. Ancaq bir məqamı xüsusilə qeyd etmək istəyirəm. İsa Qəmbər partiyanın başqanıdır və mən ona hər zaman hörmətlə yanaşmışam. Ancaq elə şeylər var ki, onu prosedura qaydalarına uyğun şəkildə həll etmək lazımdır. Bizim İsa Qəmbərlə dostluğumuz olub. Fikrimcə, etiket qaydalarına uyğun olaraq İsa Qəmbər sərəncam verəndə məni məlumatlandırmalıdır. İndi mən bilmirəm ki, İsa Qəmbər belə bir qərar verib, yoxsa verməyib. Əlbəttə, belə qərar vermək İsa Qəmbərin səlahiyyətinə aiddir. Ancaq prosedura, etiket qaydaları var. Ən azı bunu telefon vasitəsilə mənə bildirmək lazım idi. Mən bu gün də bilmirəm ki, İsa Qəmbərin qərarı var ya yoxdur. Əslində mən açıqlama vermək niyyətində deyiləm. Amma mənimlə bağlı deyilənlərə cavab verməyi məqbul hesab edirəm”.

Hüseyn Məlik istefası haqda ərizə vermədiyini və bunu partiyanın müvafiq strukturlarına təqdim etmədiyi haqda Gülağa Aslanlının iddialarını da qiymətləndirib: “Mən bəyanat vermişəm. Bu bəyanatın istefamı anlamına gəlib-gəlmədiyini özləri müəyyən etsin. Gülağa Aslanlıya məsləhət görürəm ki, bəyanatı bir daha oxusun”.
İsa Qəmbərin keçmiş müşaviri daha sonra deyib ki, Tural Abbaslı ilə görüşərək müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

Cavidan


Müəllif:

Oxşar xəbərlər