8 Oktyabr 2018 16:41
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə ay əvvəl Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində sərnişin avtobusunun törətdiyi ağır qəza nəticəsində vəfat edən 61 yaşlı Mansur Namazovun ailəsi saytımıza müraciət ünvanlayıb.

Teleqraf.com-a daxil olan məktubda M.Namazovun qızı Rəna Namazova ağır qəza törədən sürücünün hələ də həbs edilməməsindən narahat olduqlarını qeyd edib. O deyib ki, yol-hərəkət qaydalarını kobudcasına pozan 136 saylı marşrut avtobusunun sürücüsü, əvvəllər məhkum edilmiş Yelmar Atakişiyev bu dəfə törətdiyi ağır hadisəyə görə məsuliyyətə cəlb olunmayıb: “Atam iyunun 9-u, səhər 6-da evdən çıxdı və 20 dəqiqədən sonra dəhşətli xəbəri aldıq. Hadisə 136 və 171 saylı marşrut avtobusları dayanacağa tez çatmaq üçün yarışarkən Atçılıq adlanan yerdə baş verib. Biz ora çatanda məlum oldu ki, 136 saylı avtobusun sürücüsü Yelmar Atakişiyev sürət həddini aşaraq səkiyə çıxıb. Bu zaman o, səkidə dayanmış atamı vuraraq xeyli sürüyüb. Zərbənin gücündən dayanacaqdakı dirək də qırılmışdı. Atamı xəstəxanaya çatdırsaq da, biz onu itirdik”.

Rəna Namazova bildirib ki, faktla bağlı cinayət işi açılsa da, sürücü tutulmayıb: “Atamın həyatına son qoyan avtobus sürücüsü barəsində, həmin xətti işlədənlər haqqında hələ də tədbir görülməyib. Doğrudur, Xəzər rayon polis idarəsində hadisə ilə bağlı cinayət işi açıldı. Lakin nədənsə sürücünü sərbəst buraxdılar. Halbuki, o, daha əvvəl də cinayət törətmiş bir şəxsdir. Bizim çoxlu sualımız cavabsız qalıb. Niyə 136 saylı marşrut xəttinin sahibi əvvəllər məhkum edilmiş şəxsi sürücü kimi işə götürüb və bu yolla onlarla insanın həyatını təhlükəyə atır. Lakin artıq 4 aydır ki, hadisəni törədən, cinayətkar, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev hələ də azadlıqdadır. Məhkəmələrdə bizə deyilirdi ki, ekspertizanın rəyi gəlməlidir. Lakin Yelmar Atakişiyevin tutulması üçün, ekspertizanın qəza barədə rəyinin gəlməsi belə Atakişiyevin tutulmasına səbəb olmadı. İndi də məhkəmənin davam etməsinə, uzadılmasına baxmayaraq, heç bir nəticə yoxdur. Atam torpaqda, Yelmar Atakişiyev isə azadlıqdadır. Mən məhkəmədən, habelə aidiyyəti qurumlardan evinin böyüyünü itirmiş qadın kimi xahiş edirəm, bu işə düzgün baxsın və ədalətli qərar çıxarsın”.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər