Natiq Miri: “Bu təyinat Türkiyənin Azərbaycanla bağlı siyasətinə müsbət çalarlar gətirəcək”
“Əhməd Davudoğlu siyasəti akademik səviyyədə bilən bir insan, elm adamıdır. O, siyasət aləmində, xüsusilə Qərb dünyasında, eyni zamanda Şərqdə çox ciddi siyasətçi, siyasətin ideologiyasını formalaşdıracaq bir şəxsiyyət kimi tanınır. Doğrudur, onun xarici işlər naziri olduğu dönəmdə Türkiyənin xarici siyasətində bir çox məsələlər özünü doğrultmadı. Xüsusilə də, qonşularla “sıfır problem” kimi bir çox geosiyasi məsələlər öz həllini tapmadı. Türkiyənin hələ də qonşularla problemləri var. Xüsusilə də, Suriyadakı Əsəd rejiminə münasibətdə Türkiyənin bir çox yanlışlıqları oldu. Ancaq bütün mənalarda bu onun bir dövlət adamı olmasına xələl gətirmir. Hesab edirəm ki, Əhməd Davudoğlu bir dövlət adamı olaraq çox ciddi şəxsiyyətdir və Türkiyə adına gələcək dönəmdə baş nazir kimi uğurlu bir seçimdir”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib.
Qeyd edək ki, avqustun 21-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Mərkəzi Yürütmə Kurulunun qapalı toplantısında xarici işlər naziri, Konya millət vəkili Əhməd Davudoğlu partiyanın yeni sədrliyinə və Türkiyənin baş nazirliyinə namizəd kimi müəyyənləşib.
N.Miri qeyd edib ki, Ə.Davudoğlunun Azərbaycanın dostu kimi tanındığını da nəzərə almaq lazımdır: “Davudoğlu Azərbaycanın, eyni zamanda bütün türk dünyasının maraqlarını özündə ehtiva edəcək, birləşdirə biləcək bir şəxsiyyətdir. Ona görə də mən bir daha qeyd etmək istəyirəm ki, bu Türkiyə adına çox uğurlu bir seçim olacaq. Açığı, mən AKP daxilində Davudoğludan üstün bir şəxsiyyətin baş nazir olacağını gözləmirdim. Hesab edirəm ki, nəinki Türkiyədə, nəinki regional səviyyədə, eyni zamanda qlobal səviyyədə Əhməd Davudoğlu şəxsiyyəti uğurlu bir seçimdir. Çünki qlobal səviyyədə bütün dünya gücləri Əhməd Davudoğlunun şəxsiyyətinə, ağlına, siyasətinə bələddirlər, eyni zamanda ona çox böyük hörmətlə yanaşırlar. Davudoğlunun baş nazir təyin olunması güclü bir siyasətçi, güclü bir şəxsiyyət olaraq Türkiyəyə müsbət imic qazandıracaq, yeni bir nəfəs gətirəcək”.
Politoloq bildirib ki, Davudoğlunun təyinatı Azərbaycan üçün də uğurlu seçimdir: “Çünki Əhməd Davudoğlu indiyədək regional və qlobal siyasətdə Azərbaycanın maraqlarını tapdamayıb. Düşünürəm ki, bir tamamlayıcı siyasi faktor olaraq onun baş nazir vəzifəsinə gəlməsi Türkiyənin Azərbaycanla bağlı siyasətinə müsbət mənada yeni çalarlar verəcək”.
Səxavət