Bakıda gecə saatlarında aptekə oğurluq məqsədi ilə daxil olan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ötən gecə Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 16-da yerləşən aptekdə oğurluğun qarşısı mühafizə polisləri tərəfindən vaxtında çevik reaksiya göstərilərək alınıb.
Polislərin operativliyi nəticəsində obyektə külli miqdarda ziyan vurulmasına imkan verilməyib.
Belə ki, gecə saat 04:22 radələrində Nəsimi rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan həmin aptekdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Dərhal hadisə yerinə yaxınlaşan Nəsimi Mühafizə İdarəsinin əməkdaşları, polis serjantları Elmin Rəhimov və Adil Əliyev aptekin kassasından oğurluq etmək istəyən şəxsi tuta biliblər.
Saxlanılan zaman onun üzərində axtarış aparılarkən həmin şəxsdən kəsici alətlər və hadisə zamanı aptekin qapısını qırmaq üçün istifadə etdiyi dəmir parçası aşkar olunaraq götürülüb.
Oğurluq etmək istəyən şəxs daha sonra ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib.
Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Anar Rəşidzadə olduğu məlum olub.
Qeyd edək ki, saxlanılan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və mühafizə polisləri tərəfindən saxlanılması obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktla bağlı A.Rəşidzadə barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nəsimi rayon Polis İdarəsi və ya 19-cu polis şöbəsinə müraciət edə bilərlər.
Daxili İşlər Nazirliyi Baş Mühafiə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlara müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər bir saatı etibarlı şəkildə qorunur.