9 Sentyabr 2014 17:44
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səfirlik öz səlahiyyətlərini bilmir”

İranın Azərbaycandakı səfirliyi Bakıda Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirə etiraz edib. Bununla əlaqədar səfirlik bəyanat yayıb.

Bəyanatda səfirlik DAK-ı separatçılıqda ittiham edib: “Xalq kütləsinə söykənməyən, siyasi yeri olmayan və dövlət himayəsindən məhrum olan bu kiçik dəstə təcrid olunmadan qurtulmaq üçün bu qəbil toplantılar təşkil edir. Bu toplantıda uzun illər boyu İran və Azərbaycan xalqlarının düşmənlərinə xidmət göstərməklə tanınan şəxslər indi də iki dost və qardaş ölkə arasında münasibətlərin genişlənməsini hədəf alaraq sionizm mediası ilə birlikdə iki millətin dostluq əlaqələrini zəiflətmək və separatçı düşüncələrin yayılması ilə məşğul olublar”.

Xatırladaq ki, sentyabrın 8-də DAK-ın təşkilatçılığı ilə “Yaxın Şərqdə baş verən proseslər: Güney Azərbaycandakı son durum” mövzusunda geniş müzakirələr keçirilib.

Müzakirələrdə bildirilib ki, Güney Azərbaycan türklərinin üzləşdiyi problemlər diqqətdə saxlanılmalıdır. Azərbaycan dövləti Yaxın Şərqdə baş verən dəhşətli hadisələr fonunda Güney Azərbaycana sahib çıxmalıdır.

DAK sədri Sabir Rüstəmxanlı İran səfirliyinin yaydığı bəyanatla razılaşmayıb. Deputat bildirib ki, lazım olsa, bəyanata öz dilində cavab verər: “Qısaca deyim ki, İran səfiri öz səlahiyyətlərini bilmir. Səfir nəyə qarışa bilər, nəyə qarışa bilməz məsələsində doğru addım atmır. DAK dünyada yaşayan azərbaycanlıların təşkilatıdır və onların həyatında baş verən hadisələrə daima öz münasibətini bildirir. Onlar bizim soydaşlarımızdır və onlarla bağlı məsələləri müzakirə edirik. Bu soydaşlarımızın diaspora təşkilatının üzvü olub-olmadığının fərqi yoxdur”.

Rüstəmxanlı xatırladıb ki, bundan öncəki tədbirləri zamanı Orta Şərqdə baş verən vəziyyəti müzakirə ediblər və bu fonda İraq türkmənlərinin taleyini qaldırıblar: “Son tədbirdə isə bölgədə vəziyyət və İranda yaşayan soydaşlarımızın durumunu müzakirə etmişik. Bu İranın daxili işlərinə qarışmaq deyil. Sadəcə olaraq bizim millətimizin həyatında baş verən hadisələr, bölgədə hansı oyunların getdiyi, İraq türkmənlərinin başına gətirilən hadisələrin təkrar olunub-olunmaması ehtimalı və s məsələlər haqda fikir mübadiləsi aparılıb.

Biz ilk dəfə deyil ki, belə müzakirələr təşkil edirik. Ancaq burada söhbət daxili işlərə qarışmaqdan gedirsə, illər uzunu İran bunu özünün “Səhər” televiziya kanalı ilə edib. Orada millətimiz haqda karikatura çəkilib, Azərbaycan torpaqlarına iddialar olub, bizim dövlətə gah Bakı, gah da Aran dövləti deyilib. Bundan başqa milli düşüncə sahiblərinə müxtəlif böhtanlar atılıb. Bütün bunları adını çəkdiyim televiziya kanalı edib. Biz də buna ciddi münasibət bildirməmişik və nota verməmişik. Soruşmamışıq ki, niyə beynəlxalq hüququn tam hüquqlu üzvü olan Azərbaycan dövlətinə belə münasibət bəsləyirsiniz, nədən torpaqlarımızı işğal edən ermənilərə kömək edirsiniz, bizə şiə qardaşı deyəndə erməniyə qan qardaşı deyirsiniz? Ancaq bir dəyirmi masa keçirən kimi İran səfirliyi dərhal bəyanat verir. Biz dünyanın müxtəlif yerlərində buraxılan sənədlərdə Güney Azərbaycanda yaşayan soydaşlarımızın sayına diqqət edirik. Bəzi sənədlərdə onların sayı 40 milyon, bəzilərində 30 milyon göstərilir. Bu say artmaq əvəzinə son illər azaldılır. İran statistikasında əvvəl 25, sonra 16, daha sonra 10 faiz göstərilir. Xalqın taleyi ilə belə oynamaq olmaz. Millətin varlığı, dili niyə danılmalıdır, sayı niyə düzgün göstərilmir? Onlar bizim millətin bir parçasıdır və biz bunu müzakirə etmişik. Onlar İran vətəndaşı olsunlar, amma Azərbaycan türküdürlər və bizim bir parçamızdırlar. İran min il türk dövləti olub. Əslində biz İrana öz dövlətimiz kimi baxırıq. İran güclənsin, vəziyyəti yaxşı olsun, müasir texnologiya əldə etsin. Ancaq demokratikləşmə də olsun, millətimizdə rahat yaşasın. Bizim istəyimiz budur. Bundan başqa bir şey istəmirik”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər