Daxili İşlər Nazirliyi Yevlax rayonunda baş verən qətl hadisəsi ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəəbər verir ki, açıqlamada deyilir:
"İyulun 27-də, gecə saat 01:30-da Yevlax rayon polis şöbəsinin əməkdaşları - polis mayoru Qurban Qasımov və polis serjantı Fariz İbrahimzadə şəhər ərazisində xidmət aparıblar. Gecə gəzintisi zamanı şəhərin Həzi Aslanov və Elbrus Məmmədov küçələrinin kəsişməsində bir qrup şəxsin mübahisə etdiyini görüb və həmin yerə yaxınlaşıblar. Orada bıçaqlı şəxsin bir nəfərə ağır xəsarət yetirdiyini, digər 2 nəfərə isə xəsarət yetirmək istədiyi barədə rayon polis şöbəsinə məlumat verərək dərhal silahlı şəxsi zərərsizləşdirmək üçün lazımi tədbirlər görülüb. Bıçaqlı şəxsi xüsusi fənd tətbiq edərək tərki-silah ediblər".
Daha sonra məlumatda qeyd edilir ki, polis serjantı Fariz İbrahimzadə və köməyə gəlmiş polis əməkdaşları ilə birlikdə cinayəti törətməkdə şübhəli bilinən Namiq Vəliyevi saxlayaraq polis şöbəsinə gətiriblər:
"Polis əməkdaşlarının peşəkarlığı və çevik müdaxiləsi nəticəsində iki nəfərin həyatı təhlükədən xilas edilib. Polis mayoru Qurban Qasımov dərhal ağır xəsarət almış yaralını avtomobillə Yevlax rayon Mərkəzi Xəstəxanası çatdırsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".
***
14:05
Yevlax şəhəri ərazisindən qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini C.Səfərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini N.Vəliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.