Yevlax rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Saday Sadıqovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il dekabrın 14-də Yevlax rayonunun Meyvəçilik kəndində baş verib.
Rayonun Nemətabad kənd sakini, 30 yaşlı Saday Sadıqov həyat yoldaşı, 29 yaşlı Vəfa Abışovanı öz doğmalarının gözü qarşısında bıçaqlayıb. Ağır yaralanan qadın dayısı evinə qaçıb uzaqlaşsa da, xeyli qan itirdiyindən orada ölüb.
Məlumata görə, hadisə baş verməzdən bir neçə gün əvvəl atası evinə gələn Vəfa Abışova ilə həyat yoldaşı arasında mübahisələr yaranıb. Mərhumun anası Saray Abışova kürəkəninin qızını tez-tez döydüyünü, elə bu səbəbdən də onun qaçıb atası evinə gəldiyini deyib.
Saray Abışovanın dediyinə görə, sonuncu dəfə düşən mübahisəyə isə S.Sadıqovun ailəyə məxsus qoyunları satması səbəb olub.
Xatırladaq ki, qətlə yetirlən qadın iki oğul anasıdır. Hadisəni törədən Saday Sadıqov isə polis tərəfindən saxlanılıb.