24 Sentyabr 2014 11:57
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Avronest PA-da Nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin Prezidenti Martin Şultsa, AP-in bütün üzvlərinə, eləcə də Avronest PA-nın Ermənistan nümayəndəsi istisna olmaqla, Büro üzvlərinə bəyanat ünvanlayıb.

E.Süleymanovun seçki qərargahından Teleqraf.com-a verilən məlumata görə, bəyanatda bildirilir ki, bu sənəd Azərbaycanın Avronest PA Təşəbbüsünə üzvlüyü və bu qurumda iştirakı ilə bağlı son addımı kimi yazılıb: “Avropa Parlamentinin böyük sayda üzvünü dünyada sülh və əməkdaşlığın dostları hesab etdiyimiz üçün bu mühüm məsələyə dair sizin cavabınızı, sizin fikrinizi öyrənmək istərdim.

Mən bildirirəm ki, Avronest uğursuzluğa uğramış bir təşəbbüsdür. Bu təşəbbüs müzakirə üçün yeni beynəlxalq forum yaratmaq cəhdi idi, lakin hazırda qərarsızlıq, bayağılıq və ikili standartlarla xarakterizə olunur. Təşkilat həm Avropa İttifaqı, həm də Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya təsir göstərən əsas problemlərə ümumi həll yolu tapmaq əvəzinə, yalnız ən az vacib, qeyri-müəyyən məsələləri müzakirə edir və sonda bəyanat və qərarlardan başqa, heç bir nəticə əldə edilmir.

Bunların ən pisi Avropa Parlamentinin rəftarıdır. Guya etibarlı tərəfdaş olan parlament tərəfdaşlarına münasibətdə ikili standart nümayiş etdirir. Əgər AP davamlı olaraq mənfi və səmərəsiz məruzə və qətnamələr dərc etdirir və qəbul edirsə, Azərbaycan nümayəndə heyətinin üzvləri AP deputatlarının bəyanatları, vədləri və bəyannamələrinə necə inana bilər? Parlament Avronest-də açıq və dostyana ismarışlar verdiyi halda, Strasburq plenar iclasında ölkəmizə qarşı ağır və əsassız ittihamlar irəli sürən sənədlər qəbul edirsə, o, necə legitimlik iddia edə bilər?

Avropa Parlamenti bir tərəfdən hüququn aliliyini önə çəkən sənədlər dərc etdirən, digər tərəfdən isə tərəfdaş ölkələrinin məhkəmə proseslərinə fəal müdaxilə etməyə cəhd göstərən tərəfdaşla əməkdaşlıq edərdimi? Düşünmürəm. Eyni zamanda artıq düşünmürəm ki, Azərbaycan Parlamenti belə riyakarlığı legitim hesab edər”.

Millət vəkili eyni zamanda bəyanatında bir faktı qeyd edir ki, Avronest “Şərq Tərəfdaşları”nın ən böyük narahatlıqları ilə məşğul olmağa qadir təşkilat elan edilib: “Lakin elə davranır ki, sanki erməni əsgərləri Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etməyib! Avronest saysız-hesabsız BMT, ATƏT və hətta AP qətnamə və sənədlərinin pozulmasını xatırlatmamaq və bununla məşğul olmamaqla, erməni təcavüzkarlarının xeyrinə açıq qərəz nümayiş etdirir. Bundan əlavə, Ermənistan Avrasiya Gömrük İttifaqına qoşulmasına və Avropa İttifaqı ilə əməkdaşlığı etibarıszlaşdıran akt imzalamasına baxmayaraq, hələ də Avronest-in üzvüdür. Bununla bağlı Avropa Parlamenti hələ də heç bir bəyanat verməyib.

Əziz üzvlər, biz bütün bunlardan nə nəticəyə gəlirik? Biz belə bir nəticəyə gəlirik ki, nə baş verirsə-versin, Ermənistan mükafatlandırılacaq, Azərbaycan isə təhqir ediləcək, maraqları diqqətdən kənarda qalacaq, hüququn aliliyi əməkdaşlıq və dostluq istədiyini iddia edən qurum tərəfindən daima hücumlara məruz qalacaq. Bu səbəbdən sizdən soruşuram: Azərbaycan nə üçün Avronest-də üzvlüyünü davam etdirməlidir? Biz həqiqi bərabər münasibət gözləyə bilərikmi? Cavabınızı bilmək istəyirəm”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər