1 Oktyabr 2014 15:17
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmira Axundova: “Qəbiristanlıqların yarıtmaz vəziyyəti narahatlıq doğurur”

“Əksər sahələr üzrə qanunlar qəbul edilib və parlamentin sessiyalarında müzakirə olunası qanunların çərçivəsi həddən geniş ola bilməz”.

Bunu Milli Məclisin deputatı Elmira Axundova deyib.

O, əlavə edib ki, parlamentin komitələrində qanunvericilik baxımından potensial var: “Hələ işlənilməmiş, amma cəmiyyətdə maraq doğuran, ictimaiyyət tərəfindən gözlənilən sosial sifarişli qanunlar da az deyil. Məsələn, bu yaxınlarda hökumət tərəfindən çox mühüm bir addım atılaraq yas mərasimlərində israfçılığın qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirildi. Mərasimlər haqqında aktiv ictimai müzakirələrin getdiyi bir dövrdə belə bir qanunun gündəlikdə olmaması təəccüb doğurar”.

Deputat bildirib ki, “Mərasimlər haqqında” qanun Sosial siyasət komitəsi tərəfindən çoxdan hazırlanıb: “Mən çox istərdim ki, bu qanuna yalnız toy və yas mərasimləri haqqında yox, mərasim yerlərinin və qəbiristanlıqların vəziyyəti haqqında maddələr də əlavə olunsun. Çünki təkcə yas və mərasim yerlərində israfçılıq yox, həm də qəbiristanlıqların yarıtmaz vəziyyəti narahatlıq doğurur”.

Millət vəkili həm də “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi haqda da danışıb: “Məncə, bu qanun da cəmiyyət tərəfindən çoxdandır ki, gözlənilir. Digər qanunlar- “Ailə həkimi”, “Uşaqların asudə vaxtının keçirilməsi” kimi qanun layihələri də hazırdır və plenar iclasa çıxarıla bilər. Digər bir mühüm məsələ isə təhsil sistemi ilə bağlıdır. Hazırda Təhsil Nazirliyi tərəfindən bu sahədə ciddi işlər aparılır. Bir sıra mühüm təhsil islahatları keçirilib və bu proses davam etdirilməkdədir. Məsələn, regional təhsil idarələrinin yaradılması, müəllimlərin süni diplomla işləməsinin qarşısının alınması, onların ixtisasının artırılması və onlara qarşı tələbin yüksəldilməsi, təhsil ilinin uzadılması və s. təhsil sistemində həyata keçirilmiş mühüm islahatlardan bəziləridir. Həmçinin, təhsil sistemində köklü dəyişikliklər etmək üçün hazırda Təhsil Nazirliyində ciddi təhlillər aparılır, müəyyən proqramların həyata keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, bizlər də qanunvericilik baxımdan bu işə dəstək olmalıyıq. Qeyd etməliyəm ki, 19 iyun 2009-cu ildə “Təhsil haqqında” qanunu qəbul etmişik. Bizə bildirilmişdi ki, bu qanunun qəbulundan sonra təhsilin müxtəlif sahələrinə həsr olunan, həmin sahələrdəki problemlərin həllinə, islahatların aparılmasına təkan verəcək çərçivə qanunlar qəbul ediləcək. Misal üçün, uşaq bağçaları, orta təhsil, ali təhsil, texniki peşə təhsili haqqında və s. qanunlar. Lakin 5 il keçməsinə baxmayaraq hələ də bu istiqamətdə heç bir iş görülməyib. Çərçivə qanunlar bir sıra MDB dövlətlərində mövcuddur. Odur ki, bu tip qanunların da ölkəmizdə işlənib hazırlanması üçün baza ola biləcək qanunlar qonşu dövlətlərdə var. Düşünürəm ki, çərçivə qanunların qəbulu təhsil islahatlarının bir parçası olmaqla bu prosesə öz müsbət təsirini göstərəcək”.

Nemət


Müəllif:

Oxşar xəbərlər