2 Oktyabr 2014 11:23
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının başqanlığa namizədi olmuş və qurultayın nəticəsi ilə razılaşmayan Qubad İbadoğlu tərəfdarlarına çağırış edib.

Teleqraf.com-un məlumatına görə, sentyabrın 27-də Müsavat başqanlığına keçirilən seçkilərdə rəqibi Arif Hacılıya 28 səs fərqilə uduzan Qubad İbadoğlunun çıxışları qarşı tərəfdə xoş qarşılanmır.

Q.İbadoğlunun tərəfdarlarından Vurğun Əyyub seçkinin legitimliyinin şübhə altında olduğunu vurğulayıb. Q.İbadoğlu özü isə bütövlükdə Müsavat rəhbərliyinə uduzduğunu iddia edib.

Yeni başqan Arif Hacılı Məclisə boş qalan yerlərə seçkinin keçirilməsi ilə bağlı oktyabrın 11-nə iclas təyin edib. Məclisin ilk toplantısında seçkili orqanlara boş qalmış yerlərə seçki keçiriləcək.

Q.İbadoğlu öz tərəfdarlarını diqqətli olmağa çağırıb. O, özünün Facebook səhifəsində Məclisə seçilən üzvlərin yeni sima olmadığını və orta təhsilli insanların seçildiyini dilə gətirib. Q.İbadoğlu savadlı kadrların yeni seçkilərdə diqqətli olmasının vacibliyini vurğulayıb: “Əziz müsavatçılar, dəyərli dostlar! Son günlər sizlər arasında gedən müzakirələri izləyir və bölüşdüyünüz mövqelərə, səsləndirdiyiniz fikirlərə və eyni zamanda bir-birinizə qarşı olan münasibətlərin şiddətinə görə narahatlıq keçirirəm. Əgər Müsavatın güclənməsini və inkişafını istəyirsinizsə, müzakirələrin yönünü dəyişin, onu elə aparın ki, ondan partiyanın gələcəyinə töhfələr olsun. Siz nədən bu müzakirələrinizi Məclis seçkilərinin nəticələri üzərində qurub növbəti seçki üçün layiqli namizədlərinizi müəyyənləşdirmirsiniz”.

Onun fikrincə, Məclis Müsavatın vitrinidir: “Ora ağlı, zəkası və intellekti olanların meydanıdır. Amma son seçkilər göstərdi ki, sizlər Azərbaycanda konfliktlərin həlli, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert olan ABŞ-ın Duke Universitetinin məzunu Elxan Mehdiyevin, tanınmış iqtisadçı, vergi mütəxəssisi, keçmiş vergi naziri İsa Bağırovun, pedaqogika üzrə fəlsəfə elmlər doktoru, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün, tanınmış jurnalist Müsavatın yazarı, Elşad Paşasoyun, insan haqları müdafiəçisi Sədaqət Paşayevanın, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsini almış Müsavat Gənclər təşkilatının sədri Əhliman Abbasın, başqanlığa namizəd Tural Abbaslının və digər fədakar gənclərin və ziyalı müsavatçıların Məclisə seçilməsinə nail ola bilmədiniz. Heç kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmısınızmı? Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar kənarda qalır. Bu sizi düşündürürmü? Düşünürsünüzmü, Partiyanın İqtisadiyyat, Təhsil, Tibb, Təhlukəsizlik, Qarabağ komissiyalarına kimlər rəhbərlik edəcək. Məclisin orta yaşına nəzər salmısınızmı? Hazırkı tərkibdə cəmiyyətə təqdim olunacaq yeni simalar gördünüzmü? Məsləhətim odur ki, bir-birinizi aşağılayan yazılara son qoyasınız, Məclis barədə təhlillər aparasınız, layiqli namizədləri təqdim edəsiniz və onlara yol açasınız”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər