Şəkidə 10 yaşlı uşağa hücum edən it ona çoxsaylı xəsarət yetirib.
Teleqraf.com xəbər verir ki, hadisə Şəki şəhərinin 25-ci məhəlləsindəki yeni yaşayış massivində baş verib.
Küçədə həmyaşıdları ilə oynayan 10 yaşlı Taleh Mustafayev qəflətən itin hücumuna məruz qalıb. İt onun baş, qol və bədəninin digər nahiyələrinə xəsarət yetirib. Qonşuların köməyi ilə uşaq itin əlindən alınaraq təcili Şəki Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanada zərərçəkən azyaşlıya baş, gicgah-təpə, çənə, sağ əlin bazu, said nahiyələrində qanaxma ilə müşayiət olunan çoxsaylı it dişləməsi, cırılmış cızılmış, didilmiş yaralardan ibarət diaqnoz qoyulub.
Xəstəxanadan bildiriblər ki, Taleh Mustafayev bədəninin çoxsaylı it dişləməsi xəsarəti ilə cərrahi şöbədə stasionar müalicə olunur. Xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla əlaqədar aidiyyəti qurumlarda araşdırılmalara başlanılıb.