11 Sentyabr 2020 09:42
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt Bakı ilə yanaşı Sumqayıt şəhəri və Abşeron rayonunda da polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Abşeron rayonu Mehdiabad və Novxanı qəsəbələrində keçirilən reyd zamanı mövcud sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə qapalı məkanlar, restoranlar, marketlər və apteklərdə nəzarət gücləndirilib.

İctimai iaşə obyektlərində aparılan müşahidələr zamanı aşkar edilən qayda pozuntuları polislər tərəfindən qeydiyyata alınıb.

Həmin obyekt sahibləri barəsində inzibati protokollar tərtib edilib.

Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən də şəhər ərazisindəki ictimai-iaşə obyektləri, marketlər, apteklər və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib. Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Reydlər zamanı mağazalara maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar.

Tədbir zamanı polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

Reyd zamanı həmçinin avtobuslarda və taksilərdə maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.

Həmçinin taksilərdə sərnişinlərlə sürücülər arasında quraşdırılmalı olan şəffaf arakəsmələrdən istifadə etməyən şəxslər də cərimə ediliblər.

Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.

Qeyd edək ki, Sumqayıt şəhəri və Abşeron rayonunda polislər tərəfindən bu cür profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər