Xırdalan şəhərində qətl hadisəsi törətməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
Günel Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ailəli olan Günel Qasımova sevgi münasibətində olduğu Ramiz Hüseynovu öldürməkdə təqsirli bilinib.
Hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.
Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllədəki evdə yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Günel Qasımova saxlanılıb.
İstintaq orqanı tərəfindən Günel Qasımovanın barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, Günel Qasımova polis əməkdaşı olub. O, 2016-cı ildə daxili işlər orqanlarından xaric olunub.