3 Dekabr 2020 11:20
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayon sakini karantin qaydalarını pozub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayon sakini M.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adı çəkilən şəxs karantin qaydaları pozaraq yaşayış yerini tərk edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.

Bundan başqa, İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Rayonun Göytəpə kənd sakini Yusif Mirzəliyevin COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib.

Lakin Y.Mirzəliyev infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən o, yaşadığı ünvana geri göndərilib.

İsmayıllı rayon polis şöbəsində Y.Mirzəliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Cəlilabad və Masallıda polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Cəlilabad rayon sakini Mülayim Seydanov və Masallı rayonunun Səmidxan kənd sakini Əli Məlikov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə əsasən ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb

Masallı və Cəlilabad rayon polis şöbələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və M.Seydanov Cəlilabad şəhəri ərazisində, Ə.Məlikov isə Masallı rayonunun Səmidxan kəndindəki uşaq bağçasının qarşısında aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər