“Azərbaycanda sosial-iqtisadi inkişafın dinamikliyi, yeni iş yerlərinin açılması, biznes mühitində normal şəraitin yaradılması və rəqabət qabiliyyətinin artması iş adamlarının Azərbaycana olan marağını artırır”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Azərbaycanda həyata keçirilən layihələr iş adamları üçün də yeni imkanlar açır. Onun sözlərinə görə, bunun nəticəsində sahibkarlar müxtəlif sahələrə sərmayələr yatıra bilirlər: “Dövlət sahibkarlığın inkişafı üçün lazımi şərait yaradıb. Eyni zamanda, bu sahədə qanunvericilik də xeyli təkmilləşdirilib. Məqsəd sahibkarların normal fəaliyyəti üçün geniş imkanların yaradılmasıdır.
Qanunlarımız həmçinin, sahibkarların fəaliyyətinə kənar müdaxilələrin də qarşısını alır. Nəzərə alsaq ki, gələcəkdə yeni-yeni layihələrin həyata keçirilməsinə başlanacaq, bütün bunlar da iş adamları üçün yaxşı imkanlar yaradacaq”.
Səxavət