Aprelin 5-də polis əməkdaşları tərəfindən respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib.
Teleqraf.com xəbər verir ki, ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən İmişli rayon sakini E.Vəliyev, Şabran rayon sakini R.Ağamirzəyev və Bərdə rayon sakini Ə.Məmmədova barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırır: “Koronavirus infeksiyasının doğurduğu təhlükəni də bir an belə unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq. Qanunlara və qaydalara ciddi riayət etməklə, nümunəvi davranışla dövlət orqanlarının fəaliyyətinə böyük dəstək vermiş olarıq. Gəlin hamımız gözəgörünməz düşmən üzərində qələbəyə xidmət edək”.