Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Elşad Quliyev saxlanılıb.
Teleqraf.com xəbər verir ki, onun üzərinə baxış zamanı çəkisi 1 kiloqram 10 qram olan narkotik vasitə heroin aşkar edilib.
Araşdırma zamanı müəyyən olunub ki, Elşad Quliyev şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədi ilə ondan alıb və sosial şəbəkələrdə satışını təşkil etmək istəyib.
Saxlanılan şəxs barəsində 5-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Elşad Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bundan başqa, Yasamal rayonunda da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.
Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Vüsal Səmədov saxlanılıb.
Onun üzərinə və avtomobilinə baxış zamanı 26 büküm narkotik vasitə heroin və metamfetamin aşkar olunub.
Araşdırma zamanı Vüsal Səmədova narkotik vasitələri satan vətəndaş Emin Niftalıyev də tutularaq polis bölməsinə gətirilib.
Onun üzərindən 10 qram heroin, 14 qram metamfetamin, Səbail rayonunda yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 566 qram heroin, 506 qram metamfetamin, 33 qram tiryək və 60 ədəd psixotrop maddə metadon həbi aşkar olunub.
Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq tədbirləri davam etdirilir.