29 Oktyabr 2014 16:45
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belə mövqe nə ABŞ-a, nə də onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsi və üzərlərində qondarma “məhkəmə” qurulması ilə bağlı suala cavabını şərh edərkən deyib.

Qeyd edək ki, oktyabrın 28-də ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə separatçı Dağlıq Qarabağ rejimi tərəfindən azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesinə münasibət bildirməkdən imtina edib. O, fikrini belə əsaslandırıb ki, “bu işlə bağlı bizdə kifayət qədər məlumat yoxdur”.

Z. Oruc deyib ki, bu hal ABŞ-ın dövlət siyasətində ikili standartların, ayrı-seçkiliyin əyani göstəricisidir: “Yadınızdadırsa, bu il avqustun əvvəlində erməni diversiya qruplarının təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində və qoşunların təmas xəttində vəziyyət kifayət qədər gərginləşdi. Həmin vaxt Tovuz rayonu ərazisində sərhədi keçmək istəyən erməni diversiya qrupunun 3 üzvü məhv edildi, Karen Petrosyan adlı digər dəstə üzvü isə saxlanıldı. Saxlanılan şəxs avqustun 8-də dünyasını dəyişdikdən dərhal sonra ABŞ Dövlət Departamenti bəyanatla çıxış edərək Karen Petrosyanın ölüm xəbərinə görə dərin narahatlıq hissi keçirdiyini bildirmiş, onun yaxınlarına başsağlığı vermişdi. Təəssüf ki, ABŞ artıq bir neçə aydır, öz doğma torpaqlarını ziyarət edərkən öldürülmüş Həsən Həsənov və girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə münasibət bildirmir, hələ bu azmış kimi Dövlət Departamentinin rəsmisi bu haqda məlumatlarının olmadığını deyir. Bu, ikili standartlar, ayrı-seçkilik və erməni təəssübkeşliyi deyilmi?”

Deputat qeyd edib ki, ABŞ rəsmisinin “məlumatsızlığı” həm də təəccüb doğurur: “Dövlət Departamenti, bu ölkənin ayrı-ayrı təşkilatları Azərbaycanda bu və ya digər qanun pozuntularına görə həbs olunmuş bəzi şəxslər haqqında öz maraqlarına uyğun “müfəssəl məlumatlılıq” nümayiş etdirir, ardı-arası kəsilməyən bəyanatlar verir, onların işini siyasiləşdirir. Elə təsəvvür yaranır ki, sanki Leyla Yunusun, Rəsul Cəfərovun, İntiqam Əliyevin və bəzi digər şəxslərin işi ABŞ-ın xarici siyasətinin əsas məsələsini təşkil edir. Tam əminliklə deyə bilərəm ki, “Human Rights Watch”, “Freedom Hause”, “Amnesty İnternational” və digər bu kimi təşkilatlar konkret təlimatlar əsasında Azərbaycanı hədəfə götürür, müxtəlif tədbirlər təşkil edir və bəyanatlar verirlər. Amma iş Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin işğalı faktı, ölkəmizin milli maraqlarına gəldikdə, onlar ya dərin susqunluq və məlumatsızlıq nümayiş etdirir, ya da növbətçi ifadələrlə suallardan yayınırlar. Hesab edirəm ki, belə mövqe nə ABŞ-a, nə də onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirmir”.


Müəllif:

Oxşar xəbərlər