3 İyun 2021 14:39
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq etmələrinə əsaslı şübhələr olan şəxslər saxlanılıblar.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Astara rayon sakini Ş.İsayev polisə müraciət edərək axşam saatlarında işlədiyi mağazaya gələn iki nəfər şəxsdən birinin onun diqqətini yayındırdığını, digərinin isə bir ədəd sərinkeş və kassadan 750 manat pulu oğurlayaraq mağazanı tərk etdiklərini bildirib.

Astara rayon polis şöbəsinin əməkdaşları həmin şəxslərin saxlanılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Məmmədov idarə etdiyi avtomobillə Ağcabədi rayonu ərazisində saxlanılıb.

Saxlanılarkən cinayətin digər iştirakçısı olmaqda şübhəli bilinən Ə.Aydınovanın da sərnişin qismində maşında olduğu müəyyən edilib.

M.Məmmədovun idarə etdiyi avtomobilə baxış keçirilərkən mağazadan oğurladıqları sərinkeş və ilkin araşdırma zamanı ətraf rayonlardan oğurladıqları müəyyən edilən 4 ədəd samovar aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda həmin şəxslərin digər şəhər və rayonlarda analoji cinayətlərdə iştirakını müəyyən etmək üçün araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər