Şəki şəhər-rayon polis şöbəsinə rayon sakinləri Abdullətif Bayramovun və Qorxmaz Teymurovun qanunsuz odlu və soyuq silahlar saxlamaları barədə əməliyyat məlumatı daxil olub.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Bayramovun evinin zirzəmisinə baxış zamanı oradan “Makarov” və “Naqan” markalı 2 tapança, 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd ov tüfəngi, 1 ədəd idman tapançası, 1 ədəd pnevmatik “TİR” tüfəngi, 22 ədəd patron, 1 ədəd patron darağı, 9 ədəd giliz, 5 ədəd bıçaq, qırma və piston aşkar edilib.
Q.Teymurovun yaşadığı evə baxış zamanı isə oradan 14 ədəd bıçaq və xəncər, habelə ona məxsus sexə baxış zamanı 55 ədəd bıçaq aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.