ABŞ Konqresinin Virciniya ştatından olan konqresmeni Ceyms Moran Ermənistanın işğalçı qoşunları ilə Azərbaycan Ordusunun təmas xətti boyunca münaqişənin eskalasiyası ilə bağlı narahatlığını bildirib.
Teleqraf.com-un məlumatına görə, konqresmenin rəsmi bəyanatında deyilir ki, Fransa prezidenti Fransua Olland bu yaxınlarda Parisdə münaqişənin sülh yolu ilə həllinə dair səylər göstərməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri irimiqyaslı hərbi təlimlər, o cümlədən Azərbaycan Ordusunun mövqelərinə hücum helikopterinin uçuşunu təşkil ediblər. Ermənistana məxsus hərbi helikopterlərdən biri məhz bu zaman vurulub.
Tərəfləri sülh prosesinə sadiqlik nümayiş etdirməyə çağıran konqresmen Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə dinc yolla həll edilməsinin əhəmiyyətli olduğunu bildirib.
C.Moran sonda ABŞ Administrasiyasını bu münaqişə üzrə səyləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun Aktına müvafiq surətdə fəallaşdırmağa çağırıb.
Səxavət