Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında meşə ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Teleqraf.com nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Oğuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə əraziyə cəlb olunub.
Havanın küləkli olmasına baxmayaraq görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 1,5 ha sahədə quru ot və kol-kos yanıb, sıx meşəlik ərazi yanğından mühafizə olunub. Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.