Dekabrın 3-də Polşa Respublikasının Lodz şəhərində Azərbaycan Günü tədbiri keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbir Lodz Universitetinin Beynəlxalq və Siyasi Təlimlər fakültəsinin müəllim və tələbə heyətinin iştirakı ilə olub.
Tədbiri giriş sözü ilə fakültənin dekanı professor Tomaş Domanski açaraq iştirakçılara Azərbaycan Polşa əlaqələrindən danışıb. Tədbir iştirakçılarına Azərbaycanın regionun aparıcı və dinamik inkişaf edən ölkəsi olması haqqında məlumat verilib.
Səfir Həsən Həsənov “Azərbaycanın Dünəni və Bu Günü” mövzusunda çıxış edib. Çıxışda Azərbaycan dövlətçilik tarixi, ədəbiyyatı, mədəniyyəti və ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra əldə etdiyi uğurlar haqda dinləyicilərə ətraflı məlumat verilib. Bildirilib ki, ölkələrimiz arasında 540 illik tarixə malik olan diplomatik əlaqələr günümüzdə ölkələrimizin prezidentləri İlham Əliyev və Bronislav Komorovskinin səyləri nəticəsində daha da inkişaf etməkdədir.
Səfir Həsən Həsənov çıxışından sonra tələbə və müəllim heyətinin çoxsaylı suallarını cavablandırıb. Tədbir çərçivəsində Azərbaycan haqqında tanıdıcı film və “Polşada Azərbaycan izləri” adlı təqdimat iştirakçıların diqqətinə təqdim olunub.
Daha sonra “Azərbaycanda Polşa izləri” adlı sərginin açılışı olub. Səfir Həsən Həsənov Azərbaycanın bir çox fərqli sahələrinin inkişafında vaxtı ilə polyakların müstəsna rolunun olduğunu qeyd edib. Bildirilib ki, XIX-cu əsrin sonu XX-ci əsrin əvvəllərində polyak memarları şərq və qərb memarlığını əsas götürərək Bakı şəhərində layihələşdirərək inşa etdikləri binalar hal-hazırda şəhərimizin memarlıq inciləri siyahısındadır.
Azərbaycanda polyaklar tərəfindən inşa edilmiş binaların foto-şəkillərindən ibarət sərgi iştirakçıların böyük marağına səbəb olub. Tədbirin sonunda iştirakçılara Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafət verilib.