Son zamanlar Azərbaycan Respublikasının Fransa Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayı artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin XİN-ə çağırılması ilə bağlı məlumatında qeyd edilib.
Növbəti belə bir hücumun 1 oktyabr 2022-ci il tarixində gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən Səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı müqabil tərəfin diqqətinə çatdırılıb.
Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından Səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi qeyd edilib.