15 Dekabr 2014 19:36
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Parlament seçkilərində iştirak edəcəyik”

Bir sıra ictimai-siyasi fəalların iştirakı ilə yeni klub fəaliyyətə başlayıb. Parlamentə Açılan Yol (PAY) adlı klub təsis toplantısını dekabrın 14-də keçirib.

Toplantıda jurnalist Könül Quliyeva, politoloq Ummuxanım Hüseynzadə, Azərbaycan-Başqırdıstan gənclər hərəkatının rəhbəri Məhəmməd Əliyev, hüquqşünas Vüqar Mövlanverdiyev və ilahiyyatçı Faiq Abuşov iştirak edib.

Klubun gələcək məqsədləri və fəaliyyəti istiqamətində geniş müzakirələr aparılıb. Klubun genişlənməsi məqsədə uyğun hesab edilib və tədbirlər planı hazırlanması qərara alınıb. Klubun fəaliyyətinin hüquqi tənzimlənməsi üçün Əsasnamə və Bəyannamə qəbul edilib. Daha sonra Könül Quliyeva klubun sədri seçilib.

“Heç bir siyasi partiyanın kursunu əsas tutmuruq”

PAY-ın bəyannaməsində deyilir ki, klub Azərbaycanda ictimai-siyasi mühitə dialoq, siyasi mədəniyyət, barış və sağlam rəqabətin gətirilməsini, demokratik cəmiyyət quruculuğu üçün bütün təşəbbüslərin dəstəklənməsini əsas kursu elan edir: “Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmlənməsi, vətəndaşların rifahının yüksəldilməsi istiqamətində hər bir ictimai-siyasi təşkilatla əməkdaşlığa hazır olduğumuzu bildiririk. PAY hesab edir ki, ölkəmizin qarşısında dayanan bir çox problemlərinin sürətli və ağrısız həlli üçün daha çox insanlar ictimai-siyasi proseslərdə fəal rol almalı, ictimai nəzarətin artırılmasında iştirak etməlidir. Hüquqi dövlət quruculuğu və demokratikləşmə prosesində nə qədər çox fəal insanlar iştirak edərsə, uğurlarımız bir o qədər artar. Xüsusilə də siyasi proseslərə müşahidəçi olan insanların rəğbətini qazanılmalı və dəstəyinə nail olunmalıdr. Bütün bunları nəzərə alaraq, əsasən gənclərdən və qadınlardan ibarət bir qrup fəal vətəndaş, ölkəmizin demokratikləşməsinə öz töhfəsini vermək üçün PAY klubunu təsis edib. İndiyə qədər mövcud olan siyasi blokların əksəriyyəti partiyaların bloku kimi tanınıb və fəaliyyət göstərib. Biz öz prinsiplərimizi həyata keçirməkdə heç bir siyasi partiyanın kursunu əsas tutmuruq”.

Klub-un bəyannaməsində vurğulanıb ki, klub Azərbaycanda demokratik idarəçilik, milli-mənəvi dəyərlərin qorunması, əmin-amanlığın və barışın bərqərar olması uğrunda fəaliyyət göstərəcək: “Bəyan etdiyimiz məqsədləri həyata keçirmək üçün vətənpərvər və intellektual insanların birləşdiyi klubumuz 2015-ci ilin Parlament seçkilərində öz namizədləri ilə iştirak edəcək”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər