Elman Nəsirli: “Həmsədrlərin bu addımı vasitəçilik missiyasının uğursuzluğunun özləri tərəfindən etirafı kimi dəyərləndirilə bilər”
Xəbər verildiyi kimi, dekabrın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri gözlənilmədən Almaniyanın paytaxtı Berlin şəhərinə gəliblər. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik özünün “Tvitter” səhifəsində məlumat verib. Səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Almaniya hökumətinin dəstəyinə nail olmaqdan ibarətdir. Həmsədrlərin vasitəçilik funksiyasının səmərəlilik əmsalının sıfra bərabər olduğu bir reallıqda Almaniyaya üz tutmaları bir sıra nəticələrə gəlməyə əsas verir. Bəs onlar hansılardır?
Bu suala cavab verən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirli bildirib ki, birincisi, bu addım həmsədrlərin vasitəçilik missiyasının uğursuzluğunun özləri tərəfindən etirafı kimi dəyərləndirilə bilər. Onun sözlərinə görə, istisna deyil ki, həmsədrlər uğursuz vasitəçilik səylərini Almaniyanın bu prosesə cəlb olunması hesabına kompensasiya etmək niyyətindədirlər: “Görünür, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin Almaniya ilə “5+1” formatı çərçivəsində İranın “nüvə proqramı” ətrafında mürəkkəb danışıqlarda əməkdaşlıq etməsi təcrübəsi həmsədrlərin diqqətindən yayınmayıb. İkincisi, yuxarıda səsləndirilən məntiqdən çıxış edərək ehtimal etmək olar ki, həmsədrlər Berlinə gəlməklə Dağlıq Qarabağ münaqişəsinin sonrakı tənzimlənməsi prosesində Almaniyanın timsalında “3+1” formatı çərçivəsində danışıqların davam etdirilməsi siyasətinin anonsunu da verə bilərlər”.
Bununla belə, E.Nəsirli qeyd edib ki, yuxarıda söylənənlərə rəğmən, Almaniyanın postsovet məkanı siyasətində Dağlıq Qarabağ probleminin deyil, “Ukrayna böhranı”nın aradan qaldırılmasının prioritet məsələ olması reallığı həmsədrlərin rəsmi Berlinə olan ümüdlərinin dogrulması imkanlarını son dərəcə məhdudlaşdırır: “Bundan əlavə, həmsədrlərdən ABŞ və Fransanın digər həmsədr dövlət Rusiya ilə münasibətlərinin “Ukrayna böhranı” fonunda son dərəcə kəskinləşməsi Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə pessimist yanaşmasını və adekvat olaraq həmsədrlərə cavabını şərtləndirə bilər. Nəhayət, indiki reallıqda Almaniyanın həmsədrlərlərə əməkdaşlığının heç də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə deyil, barışıq naminə “vasitəçilər arasında vasitəçiliyə” xidmət göstərəcəyini proqnozlaşdırmaq olar”.
Səxavət