Abşeron rayonunda bacısını qətlə yetirməkdə ittiham olunan 1998-ci il təvəllüdlü Nicat Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Hafiz Əliyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin sentyabrın 25-də, gecə saat 04 radələrində Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Xalidə Əsədovanın almış olduğu xəsarətlərdən ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1998-ci il təvəllüdlü Nicat Əsədovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Xalidə Əsədovaya çoxsaylı xəsarətlər yetirməsinə, sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Nicat Əsədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.